Milli tariximizin qızıl səhifəsi

"Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-hücum əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırdı.

Beləliklə, düşmən üzərində cəmi 44 gün ərzində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.

Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin simvolu olan "dəmir yumruğ"u ilə işğalçı Ermənistanın belini qırdı, "terror dövləti" olan bu kriminal rejimin, ümumilikdə "dünya erməniçiliyi" mifinin başını əzdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycan Prezidentinin yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Möhtərəm Prezidentimiz bütün bunlara peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, edilən təzyiqləri neytrallaşdırmağı bacardı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.

Zəfər Günü Azərbaycan xalqının tarixinin ən fəxarətli günüdür. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıtdı. Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 8 noyabr Qarabağa qovuşduğumuz tarixi gündür. Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən andır. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Bəyanatın əsas önəmi ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur.

Bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını öz doğma Azərbaycanına həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.

İlham Əliyev öz adını milli tariximizə qalib və müzəffər sərkərdə kimi qızıl hərflərlə əbədi həkk etdi. Azərbaycanın ürəyi olan Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı Şuşa şəhərini, eyni zamanda işğal altında olan Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə Azərbaycanın mənfur düşmən tapdağında olan əraziləri işğaldan azad edən Fateh oldu.

Şanlı Vətən Müharibəsində qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin misilsiz rolu danılmazdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və cəsurluq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi.

Bu misiyanı yerinə yetirən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik!

Bu qələbə sevincini, Vətən torpağının azadlığını bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər bir günündə düşmənin başına od ələyən, onu əzib keçən, vətəndaşlarımıza hər gün yeni qələbə xəbərlərini, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən Azərbaycan əsgərlərinin şücaətini hec zaman unutmayacaqdır.

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında hərbçilərimizə xitabən demişdir: "Siz öz qəhrəmanlığınızla xalqımızın üzünü ağ eləmisiniz!".

Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

Artıq həyatımızda yeni dövr başlayıb. Dünya Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Hamı gördü ki, Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşmuşdur. Dövlətimizin başçısının da dediyi kimi, bu münaqişə artıq öz həllini tapıb: "İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir".

Qarabağda, Şuşada bu gün 28 ildən sonra azan səsləndirilir. Azərbaycan xalqı işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edir, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevrilir. Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!

H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31