"Cənubi Azərbaycanda yaşayan soydaşlarımız arasında son zamanlar milli özünüdərk daha geniş vüsət alır"- ÖZƏL
3 Noyabr 2022 15:40 Siyasət"Azərbaycan Ordusunun əsas elit birləşməsi olan Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinin keçirilməsi, eyni zamanda bu təlimlərin Azərbaycan-İran sərhədində təşkili təsadüfü deyil. Xatırlamaq lazımdır ki, bir həftə əvvəl İran tərəfi Azərbaycan sərhədində özünün əsas ordu birləşmələrindən sayılan SEPAH qüvvələrinin təlimini keçirdi və hətta, Araz çayını keçmək istiqamətində də təlimlərə mövzular salındı. Bunlar hamısı Azərbaycana göz dağı idi. İran tərəfi Azərbaycana təzyiq göstərmək və özünün hərbi gücünü nümayiş etdirərək, Azərbaycana təsir etməyə çalışırdı.
Bu nöqtədə Azərbaycanın keçirdiyi hərbi təlimlər İrana adekvat cavabdır. Azərbaycan İrandan çəkinmədiyini, onun hərbi qüdrətinə qarşı özünün də cavab imkanlarının var olduğunu göstərir. Eyni zamanda, Azərbaycan tərəfi İrana mesaj verməyə çalışır ki, İran-Azərbaycan qarşıdurmasında ən çox zərəri elə İran tərəfi görəcəkdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələrinin təliminin başlamasından az keçmiş, Təbrizdə geniş xalq etirazları başladı və bu etirazlar tamamilə milli xarakter aldı. Unutmamaq lazımdır ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız arasında son zamanlar milli özünüdərk daha geniş vüsət alır və İranın anti-Azərbaycan siyasəti fonunda cənub soydaşlarımızın qəzəbi daha da artır.
Hətta biz artıq bəzi məlumatlara rast gəlirik ki, İran tərəfi Azərbaycan prezidentini İrana dəvət edib. Düzdür, rəsmi təsdiqini tapmasa da, bu xəbərlərin İranın mötəbər media qurumlarında tirajlanması deməyə əsas verir ki, rəsmi Tehran riskləri görür, hər şeyin fərqindədir və əslində anti-Azərbaycan siyasətinin davam etdirilməsinin İrana əlavə problemlər gətirəcəyini dərk etməyə başlayır.
Ancaq bu, rəsmi Bakını rahatlaşdırmamalıdır. Çünki İran hər zaman olduğu kimi, yenə də ən xırda boşluq anında anti-Azərbaycan siyasətini daha radikal formada davam etdirəcək.