Paşinyan çətin durumda

Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur

Ermənistan rəhbərliyi hazırkı vəziyyətdə sözün həqiqi mənasında çətin durum qarşısındadır. Qərbi, yaxud Rusiyanı seçmək dilemması ilə üzləşən Paşinyan hökuməti bir tərəfdən də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində çalışmaq zorunda görünür. Hələ indiyə qədər heç bir Ermənistan hakimiyyətinin belə bir çətin sınaq qarşısında qalmadığını yerli ekspertlər də açıq şəkildə ifadə edirlər. Bütün bunların fonunda, özü üçün problemə çevrilən bu məsələlərlə paralel Paşinyan daxildə də ictimaiyyətin arzu və istəklərini nəzərə almalı, sadə erməni xalqının sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində addımlar atmalıdır. Əslində hölkumət rəhbəri sonuncuda maraqlı görünür. Paşinyan nə qədər naşı siyasətçi olsa da, bütün halda ölkəsinin gələcəyinin Azərbaycanla sülh müqaviləsi imzalayıb regional layihələrə qoşulmaq və Türkiyə ilə münasibətləri normallaşadırmaqdan keçdiyinin fərqindədir. Lakin daxildəki revanşist qüvvələr və onu hakimiyyətə gətirən qüvvələrdən çəkinərək Paşinyan bir qədər ehtiyyatlı addım atır. Digər tərəfdən isə İran faktorunu nəzərə alaraq Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsində tələsmək istəmir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ciddi dilemma qarşısındadır: "Ermənistan baş naziri Nikol Paşinyan dünən hökumətin iclasıda Türkiyə ilə münasibətlər barədə danışıb. O, bildirib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: "Baş verənlər mühüm dəyişiklikdir". Baş nazirin sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur".

Ekspert deyib ki, son vaxtlar Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlar aydın hiss olunur: "Əlbəttə, bu məsələdə Bakının da rolu var. Ermənistan hakimiyyəti anlayır ki, Türkiyə ilə diplomatik münasibətlərin bərpasından sonra Azərbaycanla münasibətlərin normallaşması prosesi daha sürətli gedəcək. Ümumiyyətlə, Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasında maraqlı görünür. Əslində başqa real alternativi də yoxdur. Son vaxtlar İrəvanla Moskva arasındakı münasibətlərdə ziddiyyətlər yaşanır. Üstəgəl, Şərqi Avropada davam edən savaş Ermənistan hakimiyyətini ciddi narahat edir. Müharibənin necə nəticələnməyindən asılı olmayaraq, İrəvanı ancaq təhlükə gözləyir. Çünki Rusiya qələbə qazansa, iştahı daha da artacaq və region ölkələrinə təzyiq göstərəcək. Əks halda isə Ermənistan regiondakı "çətirini" itirəcək. Hər iki ssenari Paşinyan üçün arzuolunmazdır. Ona görə də Ermənistan iqtidarı Türkiyənin "çətiri altına keçməyə" tələsir. Əlbəttə, Paşinyan həm də daxili auditoriyanı bu prosesə hazırlayır. Onun dünənki açıqlaması həm də bu kontekstdən qiymətləndirilməlidir".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti hesab edir ki, indi Ermənistan baş naziri üçün ən çətin məsələlərdən biri daxildəki radikal kəsimi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırlamaqdır. Paşinyan onları inandırmalıdır ki, başqa yol yoxdur: "Sözsüz ki, İrəvanla Ankara arasında münasibətlər normallaşdıqca Ermənistandakı etiraz dalğası güclənəcək. Bu, Rusiyanın əli ilə də ola bilər. Çünki Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəmir. Və Ermənistanda süni xaos yaratmaq şimal qonşumuz üçün elə də çətin deyil. İndi Paşinyan üçün kifayət qədər çətin mərhələdir. Türkiyə ilə diplomatik münasibətlərin bərpası onun üçün ən prioritet istiqamətlərdən biri olsa da, risklər də böyükdür. Bu mənada Ermənistan iqtidarı dövlətinin gələcəyi ilə özünün siyasi taleyi arasında qalıb. İndi Paşinyandan ən çox tələb olunan məhz siyasi iradədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31