"Qırmızı xətti keçən istənilən tərəfə öz gücümüzü göstəririk"- ÖZƏL

"Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin Azərbaycanın cənub ərazilərində, yəni İranla sərhədə yaxın ərazidə təlimlərə başlaması düşünürəm ki, indiki məqamda xüsusi önəm daşmaqdadır".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Bu xüsusi məqam nədən ibarətdir, yəni, son günlər İrandan Azərbaycana qarşı təhdid dolu mesajların gəlməsi, informasiya müharibəsinin daha da güclənməsi, bunun fonunda İranın Ermənistanla yaxınlaşmaq niyyətini ortaya qoyması, yəni, Ermənistanla birləşib Azərbaycana qarşı cəbhə alması fonunda Xüsusi Təyinatlı Qüvvələrin orada təlim keçməsi xüsusi əhəmiyyət daşıyır. Həm də bir növ Azərbaycan bununla İrana bir mesaj verir ki, biz nə qədər dostluq və mehriban qonşuluq siyasətini nəzərdən keçirtsək də, amma son nəticədə belə məsələlərdə, yəni, dövlətin təhlükəsizliyi və qorunması məsələsinə gəldikdə, artıq qırmızı xətti keçən istənilən tərəfə öz gücümüzü göstəririk. Düşünürəm ki, məhz XTQ-nin orada təlim keçməsinin arxasında duran əsas bunlardır və nəzərə alsaq ki, elə xüsusi təyinatlılarımız 2020-ci il İkinci Qarabağ savaşında xüsusi qəhrəmanlıq, fədakarlıq göstərdilər və onların adı təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində demək olar ki, duyulmağa başlanıldı və onların apardığı döyüş əməliyyatları dünya hərb tarixinə düşdü. 

Bu gün dünyanın ən aparıcı dövlətlərinin hərbi məktəblərində belə xüsusi təyinatlılarımızın döyüş qabiliyyəti dərsliklərə salınır və öyrənilir. Bu ondan xəbər verir ki, deməli bizim Xüsusi Təyinatlı Qüvvələrimiz həqiqətən də sözün əsl mənasında ölkənin qorunması və xüsusilə də dövlətçiliyin mühafizə edilməsi istiqamətində ciddi bir dayaq nöqtəsi hesab edilir. Bu baxımdan hesab edirəm ki, İranla sərhəddə, cənub ərazilərimizdə təlimlər keçirilməsi bir növ İrana mesajdır ki, yəni, biz, heç də sizin düşündüyünüz kimi zəif deyilik, əksinə güclü dövlətik və bu gücümüzü də xüsusi təyinatlılarımız ilə göstəririk. Yəni, istənilən halda biz cavab verməyə hazırıq. Düşünürəm ki, əsas mesaj bundan ibarətdir.

Digər tərəfdən də XTQ illik plana uyğun təlim keçirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31