"Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır" - ÖZƏL

"İranda ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir və hazırkı rejimə qarşı vətəndaşlar ayağa qalxıb, həmrəylik nümayiş etdirirlər. Düşünürəm ki, son illərin ən izdihamlı nümayişləri hazırda İranda həyata keçirilir və bu nümayişlərin əsas qayəsini hakimiyyətin uzaqlaşdırılması tutur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Nümayişlər həm də azərbaycanlı toplumun çoxluq təşkil etdiyi Şimali İranda baş verir və bizim Cənubi Azərbaycandakı soydaşlarımız bu proseslərin tərkib hissəsinə çevrilməkdədirlər. Lakin onların bütün hüquqları İranda pozulur. Hazırkı hakimiyyət onların ana dilində oxumaq, yazmaq, təhsil almaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqlarını məhdudlaşdırır. Bu dözülməz bir yanaşmadır. Ona görə də, artıq tarixi fürsət ələ düşdüyü bir zamanda onlar da öz etirazlarını ifadə edirlər.
Təbii ki, Vətən Müharibəsində Azərbaycanın qələbəsi bütün dünyada olan soydaşlarımızın əhval-ruhiyyəsini gücləndirmiş, Azərbaycana inamı artırmışdır. Bu baxımdan həm də İrandakı etnik azərbaycanlılarımız Azərbaycandan kömək, dəstək istəyirlər. Lakin Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda, digər dövlətlərin də daxili işlərimizə qarışmağına imkan yaratmır, o fürsəti vermir. Çünki Azərbaycan güclü dövlətdir və beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında dövlətlərarası münasibətləri qurur.
Baxmayaraq ki, İran tərəfi dəfələrlə Azərbaycanın daxili işlərinə qarışmaq yönündə addımlar atmışdır. Regiondakı geosiyasi reallıqlarla bağlı qərəzli bəyənatlar eşitmişik. İstənilən halda Azərbaycan digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və bu hörməti də qətiyyətli və prinsipial şəkildə tələb edir.
Düşünürəm ki, İrandakı nümayişlər həm də millətlərin hüquqlarının tanınması istiqamətində, millətlərin istiqlalı və azadlığı uğrunda olacaqdır. Bu artıq tarixi proses, keçid dövrüdür və bu dövrün də uğurla nəticələnməsi gərəklidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31