Soçi görüşünün ÖNƏMİ- ÖZƏL
3 Noyabr 2022 13:10 Siyasət"Soçi görüşü ilə bağlı iki əsas məqam var. Birinci məqam ondan ibarətdir ki, bu görüşdən əvvəl Paşinyanın Putinin çıxışından sonra bir mövqe sərgiləməsi və Putinin çıxışı var idi. Putin çıxışında hamıya, ilk növbədə Azərbaycan ictimaiyyətinə bir məlumat vermiş oldu ki, iki plan var imiş. Biri Rusiyanın təklif etdiyi plan, hansı ki, Putin açıq şəkildə mesaj verdi ki, həmin plana görə Qarabağda olan ermənilər orada yaşayıb, qala bilərlər, Qarabağda olan ermənilərə hər hansı bir status verilə bilər və Ermənistanın da Dağlıq Qarabağa bir təsir imkanları ola bilər. Amma bununla yanaşı, Vaşinqton planı da var imiş ki, bu plana görə də Azərbaycanın Qarabağ üzərində tam suverenliyi olacaqmış. Putin bununla bağlı məlumat verdi. Ondan sonra da, Paşinyanın Putinin çıxışına cavabı oldu ki, Qarabağda rus hərbi kontingentinin daha 10-20 il uzadılması məsələsi gündəmdədir və müzakirə olunmaqdadır. Bununla da o, işarə etdi ki, Rusiyanın planında bu sülhməramlı kontingentinin orda daimi olaraq qalması və bu mandatın hətta 20 ilə qədər uzadılması məsələsi var imiş".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasətçi Azər Qasımlı deyib.
"Təbii ki, bütün bunlardan sonra Soçi görüşü çox önəmli idi. Yəni, ən böyük önəmi ilk növbədə məhz onda idi ki, orda hər hansı bir sənəd çıxarılacaqmı, həmin sənəddə sülhməramlı kontingentinin davamlı olaraq 10-20 il orda qalması ilə bağlı hər hansı bir öhdəliklər və yaxud qərarlar veriləcəkmi, bu baxımdan önəmli idi. Digər tərəfdən də bildiyimiz kimi Praqa və Brüssel görüşləri var idi ki, o da əsasən Qərbin moderatorluğu altında keçirilən bir platforma idi. Rusiyanın da təklif etdiyi Soçi görüşü onlara bir alternativdir. Yəni, maraqlısı o idi ki, Soçi görüşündə hansı qərarlar qəbul olunacaq, hansı razılaşmalar veriləcək və bu razılaşmalar kölgəsində Brüssel formatı qalacaqmı, yoxsa qalmayacaqmı. Bu məsələlər önəmli idi və mən düşünürəm ki, bu görüşdə əgər bizim bilmədiyimiz həmin o sənəddə öz əksini tapmayan hər hansı bir razılaşmalar olmayıbsa, ümumən götürəndə o qədər də proseslərə təsir edən bir görüş keçirilməyib.".