Soçi görüşü göstərdi ki, şərtləri diktə edən tərəf qalib Azərbaycandır

Soçi Bəyanatı bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini güc yolu ilə azad etdi. İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Ötən dövr ərzində aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. Nəhayət Azərbaycan siyasi, diplomatik, hərbi vasitəlrdən istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin etdi. Hazırda münaqişənin nizamlanması və sülh müqaviləsinin imzalanması istiqamətində işlər davam etdirilir. Bu arada  Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilərək yekun bəyənat qəbul edilib. Maraqlıdır, sözügedən bəyənat Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir. Millət vəkili Vüqar Bayramov bildirib ki, Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu: "Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi. Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib. Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq". Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirərək vurğulayıb: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır." Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub: "Soçi görüşü əslində Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Bu görüşdə də Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təklif etdiyi 5 əsas prinsipi xatırlatdı. Bu təkliflər beynəlxalq hüququn fundamental prinsipləri əsasında irəli sürülüb. Azərbaycan Prezidenti iki dövlət arasında münasibətlərin normallaşmasının yalnız bu prinsiplər əsasında mümkünlüyünü vurğuladı. Regionda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, bir daha bəyan edildi ki, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Görüş zamanı bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılıq əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını daim qoruyacağını bir daha təsdiq etdi. Bu görüşdə də Azərbaycan bütün platformalarda olduğu kimi öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxladı. Təqdim olunan Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də  Qarabağ sözünə  istinad yoxdur. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, münaqişə artıq iki il əvvəl bitib. Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməlidir. Şərtləri diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Soçi görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bu baxımdan Soçidə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31