Azərbaycanla Əlcəzair oxşar tarix yaşayıb
4 Noyabr 2022 11:13 SiyasətƏlcəzairdə fransız, Azərbaycanda erməni məşhəri
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə bərabərhüqqulu münasibətlərin qurulması istiqamətində ciddi addımlar atıb. Artıq ölkəmiz çoxsaylı dövlətlərlə ikitərəfli əməkdaşlıqda bulunmaqla yanaşı, beynəlxalq təşkilatlarda da tərəfdaş kimi çıxış edir. Belə dövlətlərdən biri də Əlcəzair Xalq Demokratik Respublikasıdır ki, hazırda sözügedən ölkə ilə münasibətlər ən yüksək səviyyədədir. Məlumat üçün qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılıb. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli sərəncam imzalayıb. 2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açıb. Hazırda Əlcəzair Parlamentində Əlcəzair- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Azərbaycanla Əlcəzairi birləşdirən ortaq məqam hər iki dövlətin oxşar tarix yaşaması, daha dəqiq təcavüz və soyqırımı faktına tuş gəlməsidir. Elə Prezident İlham Əliyevin bu günlərdə Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı da fikrimiz bir daha təsdiq etmiş olur.
Əvvala qeyd edək ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısı kimi möhtəbər tədbirdə prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün əlamətdar hadisə hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, ölkə başçısının belə bir tədbirə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuz göstəricisi olmaqla yanaşı, dostluq və qardaşlığın əyani göstəricisi idi. İnkar etmək olmaz ki, Sammitdə Azərbaycanın iştirakı iki ölkə arasında birliyin daha da inkişaf edib möhkəmlənməsinə təkan verəcək. O ki, qaldı Azərbaycan və Əlcəzairin oxşar tarix yaşamasına, qeyd edilməlidir ki, ölkəmiz erməni təcavüzünə məruz qaldığı kimi Əlcəzair də illərlə Fransanın müstəmləkəsi altında əzab çəkməli olub. Prezident İlham Əliyev Sammitdə qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır: "Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik". Əslində, Fransanın Əlcəzairdəki soyqırımı nəticəsində qətlə yetirilənlərin sayının dəfələrlə çox olduğu bildirilir. Erməni qəsbkarlarının himayədarı rolunda çıxış edən fransızlar burada insanlığın ən böyük faciələrindən birini törədiblər. "Öz gözlərində tiri görməyən" fransızlar indi də utanmadan təcavüzkar Ermənistanı müdafiə etməkdən çəkinmirlər. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Azərbaycanla Ərəb Dövlətləri Liqası arasındakı əməkdaşlıq həmçinin beynəlxalq münasibətlər baxımından da inkişaf etməkdədir. Xatırladaq ki, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və daim qurumla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olub. Eyni zamanda, Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini nümayiş etdirib, İslam həmrəyliyinə kifayət qədər töhfə verib. Konkret olaraq 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilib. Həmçinin, Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Azərbaycan isə 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Şübhısiz ki, yaxın gələcəkdə Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq daha da inkişaf edərək yeni dinamika alacaq.
Alim