Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi
2 Noyabr 2022 15:50 Siyasət"Paşinyanın bu gün dedikləri bir daha fikrimizdə haqlı olduğumuzu göstərdi. Bir bəyanat və bağlı qapılar arxasındakı xəbərdarlıqla Nikol Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi. Əgər Soçiyə qədər Paşinyan iqtidarı Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacağını qeyd edirdisə, Qarabağın statusu mövzusundan imtina etmişdisə və Ermənistanı Qarabağsız görürdüsə, hazırda vəziyyət yenidən əvvəlki halına qayıtdı". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, sülh müqaviləsinin bu il imzalanması təxirə salınır, Qarabağ mövzusu dondurulur. Lakin, bunu təklif edənlər başa düşməlidirlər ki, 30 il ərzində də bu mövzu dondurulmuşdu. Nəticə isə, 44 günlük müharibə ilə yekunlaşdı:"Ermənistan rəhbərliyi öz sərhədlərinə qərbin xüsusi missiyasını göndərərək və Qarabağla bağlı xaricdən ona gələn əmri yerinə yetirməklə öz aləmində irəliləyiş əldə etdiyini düşünsə də, əslində bu dəfə Ermənistan dövlətinin özünün gələcəyi şübhə altına düşmüş oldu. Bu arada, son baş verənlər Qərb - Ermənistan, Qərb- Azərbaycan, Rusiya - Ermənistan, Rusiya - Azərbaycan münasibətlərinə yeni çalarlar verəcək".