İrəvan həm Bakı, həm də Moskva tərəfindən məngənəyə sıxılacaq - ÖZƏL
2 Noyabr 2022 15:13 Siyasət"Vladimir Putin İlham Əliyevlə Nikol Paşinyanın Soçi danışıqlarının yekununa dair türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırdı. Bu o deməkdir ki, Rusiya Cənubi Qafqazdakı yeni reallıqların sülhlə bitəcək yekununu Türkiyə ilə birgə hazırlamaq istəyir"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
"Ona görə də, Moskvanın Ankaranın maraqlarına zidd gedərək Azərbaycanı təhdid edən siyasətə gedəcəyi o qədər də inandırıcı versiya kimi səslənmir.
Soçi danışıqlarının nəticəsini yaxın günlərdə baş verə biləcək hadisələrdə görə biləcəyik. Əliyev-Paşinyan danışıqlarının Soçi raundundan sonra İrəvandan gah müsbət siqnallar gəlir, gah da ki, Paşinyan səviyyəsində Moskvanın qucağına yıxılmaq üçün mövqe sərgilənir.
Soçi danışıqları Azərbaycanın bundan sonra ata biləcəyi addımların Rusiyaya çatdırılması baxımından lazım idi, lakin Putin də öz maraqlarını Əliyevə təqdim edib.
Ortada qalan isə Ermənistandır, Azərbaycanla Rusiya mübahisəli məsələlərin həlli üçün dil tapacaq və İrəvan həm Bakı, həm də Moskva tərəfindən məngənəyə sıxılacaq.
Bunun səbəbləri odur ki, Rusiya sərhədlərin delimitasiyası məsələsində Azərbaycanı dəstəkləyir, lakin Cənubi Qafqazda öz maraqlarını ABŞ qarşısında itirmək riskinə görə Moskva Qarabağ kartını müəyyən həddə qədər körükləmək niyyətindədir.
Hesab edirəm ki, Azərbaycan və Türkiyə Rusiyanın bu tövrünün maksimal hədlərə yaxınlaşmasına imkan verməyəcək".