Fransanın Əlcəzairdə törətdiyi qətliamlar soyqırım kimi tanınmalıdır - ÖZƏL

"Tarixdən məlumdur ki, 300 ilə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransa tərəfindən işğal edilmiş və 132 il boyunca Fransanın müstəmləkəsi olmuşdur."

Bu barədə "Olaylar"a politoloq Ramiz Göyüşov bildirib:

"1954-cü ildən başlayaraq Əlcəzair xalqı müstəqillik uğrunda  mübarizəyə qalxmış və yalnız 8 ildən sonra - 1962-ci ildə böyük qurbanlar hesabına öz müstəqilliyinə qovuşmuşdur. 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi zamanı fransızlar 1,5 milyon insanı qətlə yetirmişlər və buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır.       

8 may 1945-ci ildə Əlcəzairin Setif, Gelma və Kherrata şəhərlərində Fransa ordusu mülki əhaliyə qarşı divan tutaraq 45 minə qədər insanı amansızlıqla qətlə yetirmiş və bu faciə tarixə Setif və Gelma qətliamı kimi daxil olmuşdur.        

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib:

"Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib".

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlət başçısı bildirib:

"Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə fransızların Əlcəzairdə törətdikləri vəhşiliklər barədə demişdir:

"Soyqırımı görmək istəyənlər dönsünlər və öz çirkli qanlı tarixlərinə baxsınlar... Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin, Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun...".

Düşünürəm ki, qondarma "erməni soyqırımı" barədə sərsəm qanunlar qəbul edərək, bu cəfəng və uydurma hadisəni dünyada tanıtdırmaq üçün ermənilərdən çox canfəşanlıq edən və bunun üçün dəridən-qabıqdan çıxan Fransanın Əlcəzairdə törətdiyi insani cinayətlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməli və bu faciə soyqırım kimi tanınmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31