“Qarabağ münaqişəsi bitib” fikri Soçi görüşünün siyasi xəttini müəyyən etmiş oldu - ÖZƏL
2 Noyabr 2022 11:15 Siyasət"Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi müxtəlif platformalarda aparılır. Bu əsasən Rusiyanın vasitəçiliyi və Avropa İttifaqının iştirakı ilə həyata keçirilir. Bu platformalar biri - birinin əksi kimi görünsə də ölkəmiz Ermənistanla olan münaqişənin bitməsi baxımından müxtəlif formalarda müzakirələrdə iştirakda maraqlıdır". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə səsləndirib. O bildirib ki, hər iki müstəvidə keçirilən görüşlərdə Azərbaycanın açıq, konkret və sülhü təmin etmək məqsədi daşıyan şərtləri var: "Azərbaycandan fərqli olaraq Ermənistan bu istiqamətdə nizamsız, təxribat və şantaj mahiyyətli siyasət tədbiq edir. Bir neçə gün bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə keçirilən Soçi görüşü öncəsi də Ermənistan belə bir atmosfer formalaşdırmağa çalışırdı. Öz ərazisinə Rusiya ilə qarşıdurmada olan Avropa nümayəndələrinin gəlməsini təmin edir, Rusiyanın rəhbərliyi ilə qurulmuş KTMT-nın fövqaladə iclasını çağırmaqla "təşkilatın Ermənistanı qorumaqdan imtina etdiyi" görüntüsünü yaratmaqla, KTMT-dan çıxmağın vaxtıdır düşüncəsini formalaşdırmağa çalışmaqla Rusiyaya hədə gəlir və gah da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndidə mitinq keçirmək, Rusiya sülhməramlı qüvvələrinin müddətinin 15-20 il artırılmasına razılığını göstərməklə Rusiyanı şirnikləndirirdi. Ermənistanın məqsədi özünü Rusiyanın maraq dairəsinə daha dərin daxil olmasına nail olmaq və bu vasitə ilə Rusiyanın Azərbaycana təzyiq göstərməsi ilə öz istəklərini qəbul etdirmək və müzakirələrin predmetini dəyişmək idi. Amma bütün bunlara baxmayaraq Soçi görüşünün ilk dəqiqələrində Azərbaycan Prezidentinin Putinlə görüşündə "uzun illər mövcud olmuş Qarabağ münaqişəsi artıq geridə qalıb və indi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində "müzakirə etmək, hərəkət etmək" vaxtıdır. Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirəsi olunası bir şey yoxdur" deməsi ilə alt-üst oldu. Azərbaycan Prezidentinin bu yanaşması görüşün əsas siyasi xəttini də müəyyən etmiş oldu".
Yalçın Hacızadə hesab edir ki, ümumiyyətlə belə görüşlər zamanı Azərbaycan əldə etdiklərinin müzakirə predmeti olmasına imkan vermir: "Bundan sonrakı məsələləri müzakirə müstəvisinə çıxarır. Azərbaycan üçün münaqişə bitib, Qarabağ problemi yoxdur, ərazimizdə yaşayan ermənilərin taleyi, onların hüquqları dövlətimizin daxili işləridir. Görüşdə Nikol Paşinyan deyib ki, "Azərbaycan silahlı qüvvələri bu ilin martında Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına müdaxilə edib və hələ də ordan çıxmayıb. O ümid edir ki, üçtərəfli görüşdə onlar bu məsələni də müzakirə edəcəklər". Fikir veririk ki, Ermənistan şikayətləri getdikcə çoxalır. Bu ona görə baş verir ki, Ermənistan təxribatlarından əl çəkmir, Azərbaycanın təklif etdiklərini vaxtında dəyərləndirib, qəbul etmir. Azərbaycan, Ermənistanın qəbul etmək istəmədiklərini hərbi - siyasi yolla həll etdikdən sonra da, qarşı tərəf ondan da şikayət etməyə başlayır ki, vəziyyət əvvəlki situasiyaya qayıtsın".
AVP rəsmisi bildirib ki, Azərbaycan müharibəni qələbə ilə bitirməsindən sonra işğal olunmuş ərazilərdə quruculuq işlərini və regionda sülhü təmin etmək üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir və Ermənistandan da nəzərdə tutulmuş şərtləri yerinə yetirməsini tələb edir: "Soçi görüşündə dövlət başçıları tərəfindən razılaşdırılmış sənəddə həm 2020-ci il 10 noyabr həm də 2021-ci il 11 yanvar bəyanatında göstərilmiş müddəalara istinad edilməsi və onların icrasının vacibliyini bir daha vurğulanması Ermənistanın öhdəliklərinin icrasından yayınmaq üçün göstərdiyi "canfəşanlığın" nəticə vermədiyini göstərir. Sənəddə Qarabağ ifadəsinin olmaması Azərbaycan Prezidentinin bir neçə dəfə ifadə etdiyi kimi "Qarabağ münaqişəsi bitmişdir, geridə qalmışdır" ifadəsinin qəbul olunduğunun bariz nümunəsidir. Ümumiyyətlə həm Rusiyanın həm də Avropa İttifaqının iştirakı ilə keçirilən görüşlərdə qəbul edilən yekun sənəd və bəyanatların şərtlərinə baxdıqda görmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra sülhün təmin olunması üçün Ermənistandan tələb etdiyi bütün şərtlər öz əksini tapır".
Yalçın Hacızadənin sözlərinə görə, münaqişə sonrası mərhələdə Azərbaycan daim üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin müəyyən edilməsi prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edir: "Əlbəttəki, Azərbaycan öz məqsədlərinə çatmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi kimi digər tərəflərdən də imzalanmış Bəyanatların şərtlərini yerinə yetirməsini tələb edəcəkdir".