"Azərbaycan heç bir halda hər hansı güzəştə getmək niyyətində olmayacaq"- ÖZƏL

"Soçi görüşünü müəyyən mənada uğursuz saymaq mümkündür. Çünki bu görüş zamanı tərəflərdən heç biri öz maraqlarını tam təmin edə bilməyib. Rusiya prezidentinin görüşdən sonrakı açıqlamaları bunun əyani sübutudur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

"Rusiya çalışırdı ki, Azərbaycan və Ermənistanı razı salsın və regionda öz maraqları istiqamətində yekun addımlar atılsın. Eyni zamanda, Azərbaycan və Ermənistan tərəfləri də Soçi görüşündə öz dövlət maraqlarının qəbuluna nail olmaq istəyirdi. Ancaq yekun bəyanat göstərir ki, tərəflər sadəcə ümumi razılaşmalar əldə edib, əvvəlki anlaşmalara istinad edərək, həmin anlaşmaların tətbiqinə sadiq olduqlarını dilə gətiriblər.

Hər nə qədər öz maraqlarını təmin edə bilməsə də Azərbaycan tərəfini uğurlu saymaq olar. O nöqtədə ki, Soçi görüşündən əvvəl Azərbaycan üzərində çox ciddi təsir göstərildi. Xankəndindəki mitinq oyunu və ardınca Rusiya siyasi elitasının açıqlamaları ona istiqamətlənmişdi ki, Azərbaycan Soçidə öz maraqlarından bəzilərini güzəştə getməyə məcbur qalsın. Ancaq buna imkan verilməyib. Hələ üçtərəfli görüş başlamadan əvvəl, İlham Əliyevin Qarabağ münaqişəsinin tarix olduğu və iki il əvvəl problemin həll edildiyini qeyd etməsi ilə, bəlli olurdu ki, üçtərəfli görüşdə də hər hansı güzəştdən söhbət getməyəcək və qarşı tərəflərin məkrli planları özünü doğrultmayacaq.

İndi əmin şəkildə ifadə etmək olar ki, Azərbaycan heç bir halda bundan sonra da hər hansı güzəştə getmək niyyətində olmayacaq və sülh və normallaşdırma danışıqlarının özünün təyin etdiyi baza prinsipləri əsasında həyata keçirilməsi istiqamətində addımlar atacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31