Soçi görüşü Azərbaycanın maraqlarının təmin olunması baxımından əhəmiyyətli oldu - ÖZƏL
1 Noyabr 2022 15:26 Siyasət"Gözlənildiyindən fərqli olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gün Soçidə baş tutmuş görüş ölkəmizin maraqlarının təmin olunması baxımından əhəmiyyətli keçdi. Hər halda Soçi görüşünün yekunu olaraq yayılan bəyanat və orada yer tapan fikirlər belə deməyə əsas verir". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, görüşdən əvvəl Xankəndində keçirilən mitinq, eləcə də Nilkol Paşinyanın Azərbaycanı nələrdəsə ittiham etməsi, həmçinin Rusiyadan eşitdiyimiz bəzi narahatedici fikirlər belə qənaət formalaşdırmışdı ki, Soçi görüşü Azərbaycan üçün çətin keçəcək: "Ancaq göründüyü kimi bunun tam əksi baş verdi və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti bu dəfə də öz sözünü dedi. Dövlət başçısı rusiyalı həmkarı ilə təkbətək görüşdə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi iki il əvvəl həll olunub və bu gün hansısa münaqişə barədə danışmaq əhəmiyyətsizdir. Söhbət yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından gedə bilər".
İqbal Məmmədiv hesab edir ki, ümumilikdə Soçi görüşü və yekun bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi də xarakterizə etmək olar: "Sözügedən bəyanatda bircə yerdə belə Qarabağ sözünün keçməməsi, həmçinin Paşinyanın təkid etdiyi sülhməramlıların mandatının uzadılması məsələsinin sənədə daxil edilməməsi də deyilənləri təsdiqləyir".
İqbal Məmmədovun sözlərinə görə, Soçi görüşündən Ermənistan üçün çıxan nəticə ondan ibarətdir ki, İrəvan vaxt itirmədən Bakı ilə münasibətləri normallaşdırıb sülh müqaviıləsinin bağlanmasını tezləşdirsin.