"Putin Paşinyanı öz çətirinin altında saxlayır" - Araz Aslanlı

Olaylar.az-ın verdiyi məlumata görə UNEC eksperti, dr. Araz Aslanlı öz "Facebook" hesabında Rusiya-Azərbaycan və Ermənistan liderlərinin Soçidəki görüşü ilə bağlı bəzi məqamları açıqlayıb:

1. Soçidəki görüşlə bağlı Rusiya tərəfinin yaydığı ilk rəsmi məlumatlarda maraqlı məqamlar var. Sadə dillə desək Vladimir Putin deyir ki, bu görüşü siz istədiyiniz üçün təşkil etmişəm. Siz istəmisiniz ki, Soçidə üçtərəfli görüş keçirək. Havanın yaxşı olacağını güman edirdik. Amma hava yaxşı deyil (yağışı nəzərdə tutur, amma hər iki prezidentlə görüşdə havanı israrla vurğulamasının simvolik mənası da ola bilər). Yenə də görüşmək lazımdır. Putinin Nikol Paşinyanla görüşdə çətiri özü tutmasının da mənası ola bilər (Paşinyanı öz çətirinin altında saxlayır. Halbuki İlham Əliyev qarşılamada Putinin çətirinin altında deyil, öz çətiri ilə gedib).

2. Putin ilk görüşünü Paşinyanla keçirib, orada Ermənistanı strateji müttəfiqi kimi xarakterizə edib. Paşinyan isə Putinin Valdai klubundakı çıxışını xatırladıb və deyib ki, Rusiya daha fəal rol oynamalıdır. Digər vacib bir məqam isə odur ki, Paşinyan sərhədlərin dəqiqləşməsi üçün ön şərt irəli sürür. Halbuki, indiyə qədər prosesin ləngiməsinin günahını Azərbaycanın üstünə atmağa çalışırdı. Əlavə olaraq, Ermənistan növbəti dəfə öz ərazisindən keçəcək kommunikasiya xəttinin (Zəngəzur dəhlizinin ya da hər hansı digər variantın) onun "tam nəzarətində olmasının" mütləq şərt olduğunu irəli sürüb. Bu yanaşma 10 (9) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir və Azərbaycanın Laçın-Xankəndi yolu (onun adı "Laçın dəhlizi" deyil və düzgün ifadə işlədilməlidir) ilə bağlı mövqeyini nəzərdən keçirməsini zəruri edir.

3. Putin İlham Əliyevlə görüşdə bildirib ki, bu görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. İlham Əliyev isə qeyd edib ki, A. Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur.

4. İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır.

5. Azərbaycan bu yaxınlarda Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürdü. Bunların əsasında normallaşmaya nail olmaq olar.

Üçtərəfli görüşün detalları hələ açıqlanmasa da, Azərbaycanın müzakirələrə "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur" cümləsi ilə başlaması çox önəmlidir. Bəli, müzakirə keçmiş DQMV ilə bağlı deyil, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində getməlidir. Bu mövqeyi qorumaq asan deyil. Çünki, həm qarşı tərəf, həm Rusiya, həm də bəzi Qərb dövlətləri mütəmadi olaraq "köhnə söhbəti" canlandırmağa çalışırlar. Amma bu mövqedə israrlı olmaq danışırları davam etdirməkdən daha önəmlidir. İnanırıq ki, bu dəfə həm ərazidə, həm masada qazanacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31