Erməni lobbisinin təsiri altında olanlar daha da aktivləşiblər
31 Oktyabr 2022 16:42 SiyasətRusiyanın Soçi şəhərində keçirilən üç tərəfli görüş ərəfəsində erməni lobbisinin təsiri altında olanlar daha da aktivləşiblər. Irəvan daxil olmaqla fərqli paytaxtlardan gələn açıqlamalar sülh deyil, daha çox yenidən münaqişə istiqamətində fokuslaşıb. Praqa Sammitində əldə edilən razılaşmadan sonra nəinki Rusiya və İran paytaxtlarında Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı təbliğat aparılır, hətta bəzi dairələr yenidən münaqişənin alovlanmasında da maraqlı görsənirlər.
Praqada Ermənistan Alma-Ata Protokoluna əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Ermənistanın o zamankı Prezidentinin imzası da məhz ölkəsininin MDB dövlətlərinin ərazi bütövlüyü və suverenliyini tanıması demək idi. Sonradan Ermənistan digər beynəlxalq qətnamələrə məhəl qoymadığı kimi, öz imasını da unutdu. Amma Praqada dörd tərəfli görüşün yekun açıqlaması məhz İrəvanın həmin sənədə yenidən qayıtması anlamına gəlirdi. Bu isə deməkdir ki, revanşist meyillərə baxmayaraq İrəvan üçün də Qarabağ Azərbaycandı. Və Qarabağ hər zaman Azərbaycan olacaq.

Vüqar Bayramov