Regionda sülh deyil, qarşıdurma istəyən xarici qüvvələrin Ermənistana təsiri kifayət qədərdir - ÖZƏL
31 Oktyabr 2022 10:55 Siyasət"Xankəndində ermənilərin təşkil etdiyi aksiyada xarici dairələrin əli var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən həmin dairələr bu yolla tərəflərin uzlaşmasına, razılıq əldə etməsinə mane olmağa çalışırlar". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, mitinqin Soçi görüşü ərəfəsində baş tutması da təsadüfi deyil: "Çünki Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına dair ilkin razılığın əldə olunacağı barədə xəbərlər dolaşırdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirmişdi. Görünür, xarici dairələr, regionda marağı olan hansısa qüvvələr iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda sülhün, sabitliyin əldə olunmasını istəmir. Ona görə də Xankəndində belə bir təxribata əl atılıb".
İqbal Məmmədov qeyd edib ki, bir müddət əvvəl də Nikol Paşinyan sülh müqaviləsinin imzalanması mümkünlüyünü dilə gətirərkən İrəvan küçələrində etiraz aksiyaları keçirilmiş və Paşinyana təsir göstərilmişdi: "Görünür, Ermənistana xarici dairələrin, daha çox da regionda sülh deyil, qarşıdurma istəyən qüvvələrin təsiri kifayət qədərdir və onlar istənilən anda erməni cəmiyyətindən istifadə edə bilirlər".
Millət vəkilinin sözlərinə görə, bu təxribatlar, pozucu hərəkətlər ermənilər üçün ciddi problemlər yarada və Azərbaycan tərəfini növbəti adekvat addımlar atmaq məcburiyyətində qoya bilər: " Bu isə ermənilər üçün heç də yaxşı nəticə vəd etmir. Onlar nə qədər gec deyil sülhə gəlməli, Belarus prezidenti Lukaşenkonun dediyi kimi Azərbaycanla anlaşmalıdırlar. Çünki onların nicatı, xoş gələcəyi yalnız və yalınız Azərbaycanla sülh müqaviləsi bağlayıb iqtisadi layihələrdə iştirakdan, Bakı və Ankara ilə münasibətləri normallaşdırmaqdan keçir".