Soçi görüşündən gözləntilər nədir? - ÖZƏL
31 Oktyabr 2022 10:56 Siyasət"Rusiyanın vasitəçiliyi ilə keçiriləcək Soçi görüşündən hansısa müsbət nəticə gözləmirəm. Çünki Soçi görüşündən əvvəl Moskvanın ortaya qoyduğu mövqe və Xankəndində ermənilərin təxribat xarakterli aksiya keçirmələri bunu deməyə əsas verir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, indiki vəziyyətdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına xidmət etmir: "İki ölkə arasında sülh müqaviləsinin imzalanması istər-istəməz Qarabağa sülhməramlı adı ilə yerləşdirilmiş Rusiya hərbiçilərinin vaxtından əvvəl ərazidən çıxarılması demək olar. Bu isə heç şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdan getməsi deməkdir. Ona görə də Rusiya heç bir halda hələlik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından yana deyil. Düzdür, Moskva üzdə buna tərəfdar olduğunu göstərir və tərəflərin sülh müqaviləsi imzalamalı olduğunu deyir. Ancaq onun əməli, niyyəti səsləndirdiyi fikirlərlə üst-üstə düşmür".
Arzuman Muradlının sözlərinə görə, Rusiya həm də ona görə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir ki, Kremldən fərqli olaraq Vaşinqton və Brüssel tərəflər arasında sülhün əldə edilməsinə daha çox çalışır və Brüssel formatında keçirilən görüşlər də bunun sübutudur.