Separatçılar  çirkin niyyətlərindən əl çəkmədiyi halda, digər vasitələrdən istifadə etməliyik - ÖZƏL

"Xankəndidə keçirilmiş mitinqin təşkilatçıları iki məqsəd güdür. Birincisi, 44 günlük Vətən müharibəsindən sonra sarsılmış erməni separatçılığının bərpası, ikincisi isə, Vladimir Putinin vasitəçiliyi ilə, Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabr ayının 31-də, Soçi şəhərində keçiriləcək görüşlə əlaqədardır".

Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.    Millət vəkili bildirib ki, taleyüklü görüşlər ərəfəsində, daha doğrusu, görüşlərdən əvvəl öz mövqelərini möhkəmlətmək üçün, tərəflər təzyiq xarakterli diplomatik metodlardan istifadə edirlər: "Hətta, təxribatlar törədilir. Bəzi hallarda isə, terrorçulardan da istifadə olunur. Təki, məqsədə nail olunsun. Konkret olaraq, ermənilər Soçi görüşündən müəyyən imtiyazlar əldə etmək üçün Xankəndində mitinq təşkil etdilər".

Nəsib Məhəməliyev deyib ki,   Ermənistanla, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nəzərdə tutulur: "Paşinyan, partiyasının qurultayında çıxış edərkən bildirdi ki, dünya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq görür. Lakin, Rusiyanın müəyyən qüvvələri tərəfindən qızışdırılan separatçılar, bütün vasitələrdən istifadə etməklə, çalışırlar ki, özlərini Rusiyanın bir hissəsi kimi təsdiq etdirsinlər. Burada, əsasən, daşnak xislətli  rusiyalı ermənilər və ermənilərdən daha çox ermənipərəst, bədnam "Lazarev" klubunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə İrəvanda keçirilən iclasda, həmin klubun üzvləri olduqca aqressiv tərzdə, regionda düşmənçiliyin yeni toxumlarını səpdilər".

Millət vəkili hesab edir ki, belə bir vəziyyətdə soyuqqanlı olmalı, Soçi görüşünün nəticələrini gözləməliyik: "Əsas məsələ, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Ondan sonra, ikinci mərhələdə, Laçın dəhlizində nəzarət sistemini qurmalı, separatçılar  çirkin niyyətlərindən əl çəkmədiyi halda, digər vasitələrdən istifadə etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31