Prezident İlham Əliyev: Bu gün də Qarabağ və Şərqi Zəngəzurun bərpasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir

Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir.

Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd olunub.

"Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir", - deyə məktubda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31