Bərdə hadisələri nə qədər ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi - ÖZƏL

"İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 44 günlük Vətən müharibəsi dövründə ordumuz irəlilədikcə, döyüşlərdə qələbələr qazandıqca müzəffər Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. 27-28 Oktyabr 2020-ci tarixlərində erməni silahlı birləşmələrinin Azərbaycanın Bərdə şəhərində dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutması nəticəsində dinc sakinlərin qətlə yetirilməsi Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan düşmənin nə qədər qəddar və məkrli olduğunu növbəti dəfə sübut etdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ramil Həsən deyib. Bildirib ki, Bərdə şəhəri 2020-ci ilin 27-28  oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb: "Ümumilikdə, bu dəhşətli terrorlar nəticəsində 27 nəfər həlak olub, 70-dən çox insan  isə yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib: "Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi. Vətəndaşlarımız yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirib, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərdilər. Biz isə ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmadıq. Biz müharibəni ləyaqətlə apardıq, biz döyüş meydanında düşmənin cavabını verdik. Bu, bir daha xalqımızın böyüklüyünü göstərdi, siyasətimizin düzgünlüyünü göstərdi.Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31