Azərbaycan Gürcüstan əlaqələri yeni mərhələdə - ÖZƏL
28 Oktyabr 2022 10:14 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin güclənməsi istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirilməlidir. İki ölkə əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşamışlar və hazırda əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin miqyası getdikcə daha da genişlənir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməyi qarşısına əsas məqsəd qoyub: "Bu kontekstdə yaxın qonşumuz Gürcüstan Respublikası ilə ölkəmiz arasında mövcud olan əlaqələr də yüksək strateji tərəfdarlıq səviyyəsinə qalxıb. Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuat konfransında çıxış edərək gələcəkdə Gürcüstan, Azərbaycan, Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirərək Azərbaycanın buna hazır olduğunu və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının artıq vaxtının çatdığını bildirdi. Prezident qeyd etdi ki, əgər bu prinsiplər öz həllini taparsa, əməkdaşlığımız üçün daha çox imkanlar yaranacaqdır.Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Azərbaycan Gürcüstanın ikinci əsas elektrik enerjisi təminatçısıdır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə birlikdə hərəkət edərək digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıqlıqlarını davam etdirəcək.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bir sıra işgüzar səfərlər edir və bu səfərlərdə enerji, nəqliyyat və digər sahələrlə bağlı sazişlər imzalanır. Bütün bu sazişlər bilavasitə Gürcüstana ona görə maraqlıdır ki, layihələrin əksəriyyəti bu ölkənin ərazisindən keçir. Azərbaycanla Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq yeni inkişaf səviyyəsindədir. Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq bunu deməyə əsas verir. Beləliklə tam əminliklə deyə bilərik ki iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub".