Moskva Bakı ilə İrəvan arasında səmimi vasitəçi olmağa hazırdır
28 Oktyabr 2022 10:02 SiyasətYetər ki, proseslər öz nəzarətində olsun və Qərbin regiondakı rolu artmasın
44 günlük Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində göstərilən beynəlxalq səylər təəssüflər olsun ki, hələlik öz bəhrəsini vermir. Baxmayaraq ki, ötən iki il ərzində tərəflər arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə ona yaxın görüş keçirilib, lakin hər bir görüşdən sonra münasibətlərdə normallaşmadan daha çox daha da gərginləşmə, hətta silahlı toqquşmalar müşahidə edilib. Təbii ki, tərəflər arasında baş verən hər insdent də birbaşa Ermənistandan və ona hələ də havadarlıq edən tərəflərin İrəvanı insdentlərə cəlb etməsindən qaynaqlanıb. Əgər bir qayda olaraq Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirdiyi görüş və əldə edilən ümumi razılıqdan sonra həmin razılığa pozmaq üçün Rusiya dövriyyəyə girərək sərhəddə gərginliyin artmasına səbəb olurdusa, son aylarda Rusiya ilə yanaşı Fransa da bu kimi pozuculuq əməlləri ilə məşğul görünür. Əgər Kreml onun iradəsindən kənarda, konkret olaraq Brüsseldə tərəflərin anlaşa bilməsinə qarşı olub Azərbaycanla Ermənistan arasında sərhəddə silahlı qarşıdurmaya yol açırdısa, Fransa isə Ermənistanın maraqlarını təmin etmək üçün Brüssel formatında keçirilən görüşlərə soxulmaqla prosesə mane olmağa çalışır. Ən son Azərbaycan və Ermənistan liderlərinin Praqada keçirilən görüşündə Fransa prezidenti Emmanuel Makronun da özünü pərçim edib iştirakından sonra cərəyan edən proseslər deyilənləri təsdiqləyir.
Bu günlərdə isə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə Rusiya Federasiyasının prezidenti Vlaidimir Putinin iştirakı ilə görüşəcəyi, mümkün sülh müqaviləsinin detallarını müzakirə edəcəyi barədə xəbərlər dolaşmaqdadır. Bu arada Kreml sözçüsü Dmitri Peskov da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ehtimal edilən görüşü ilə bağlı növbəti açıqlama verib. O, bildirib ki, Rusiya belə bir görüşün baş tutacağına inanır.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyir ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı görüşə dəvət etməsinə dair məlumat yayılmışdı: "Moskvanın tələsdiyi və təlaşlandığı göz önündədir. Əlbəttə, bu, təsadüfi deyil. Qərbin Cənubi Qafqazda artan fəallığı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqının təşəbbüskarlığı Kremli narahat edir. Rusiya regionda onilliklər boyu qoruduğu təsir dairəsinin zəifləməsi ilə barışa bilmir". Ekspert deyib ki, əvvəllər Rusiyanı düşündürən məsələ bölgədə sabitliyin təmin olunmaması idi. İndi isə bu, şimal qonşumuz üçün vacibliyini itirib: "Moskva Bakı ilə İrəvan arasında səmimi vasitəçi olmağa hazırdır. Yetər ki, proseslər öz nəzarətində olsun və Qərbin regiondakı rolu artmasın. Şərqi Avropada davam edən savaş, sözsüz ki, Rusiyanın işini daha da çətinləşdirib. Bu dövlət artıq sivil dünyadan təcrid olunur. Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Bu günlərdə Polşa senatı da oxşar məzmunlu qətnamə qəbul etdi. Belə bir şəraitdə qonşuları ilə münasibət Kreml üçün həyati əhəmiyyətlidir".
Kənan Novruzovun sözlərinə görə, bir müddət əvvəl Prezident İlham Əliyev demişdi ki, bu ilin sonuna qədər Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər: "Ermənistandan da oxşar məzmunlu siqnallar gəlib. Bu, Rusiyanı tələsdirən əsas məqamlardandır. Çünki Moskva tərəflər arasında yekun sülh müqaviləsinin moderatoru olmasa, Cənubi Qafqazdakı nüfuzunu tamamilə və əbədi itirə bilər. Düşünürəm ki, bu ayın sonu və ya gələn ayın əvvəli Rusiyada üçtərəfli formatda görüş baş tuta bilər. Moskva regionda yenə də aparıcı dövlət olmaq istəyirsə, nəhayət, indi səmimi olmalı və sülh istiqamətində ciddi addımlar atmalıdır. Bu, bəlkə də, Kremlin son şansıdır. Yeri gəlmişkən, xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub. Müharibə ilə bağlı olaraq rəsmi Bakı artıq Qərbin əsas qaz təchizatçısına çevrilib. Bu isə o deməkdir ki, bizim Rusiyaya yox, Rusiyanın bizə ehtiyacı var".
Süleyman