Çoxpartiyalı sistemin inkişafı islahatların tərkib hissəsidir

"Siyasi partiyalar haqqında" yeni qanun sosial sifarişdir

Oktyabrın 24-də  Milli Məclisdə siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin yeni müstəviyə qədəm qoyduğunun təsdiqi oldu. Siyasi dialoq mühitinin yaranması, qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizdə reallığa çevrilib. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, müzakirələrə, ictimai rəyin öyənilməsinə hər zaman açıq olan Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə cəmiyyətdə baş verən hadisələrin düzgün qiymətləndirilməsinə xidmət edəcək. Belə ki, ictimai dinləmə zamanı siyasi müstəvidə fərqli siyasi baxışlara, müxtəlif ideologiyalara sahib olan partiyaların rəhbərlərinə və nümayəndələrinə mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini bildirmələri üçün lazımi şərait yaradılıb: "Qalib Azərbaycan statusuna yüksələn, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmlədən ölkəmizdə bütün sahələri əhatə edən islahatlara geniş meydan verilib. Çoxpartiyalı sistemin inkişafı, bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması, siyasi dialoqun reallaşdırılması da bu islahatların bir qoludur. Siyasi partiyalarla əməkdaşlığın gücləndirilməsinin nəticəsidir ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə həyata keçirilib. Bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Eyni zamanda, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi xüsusi ilə diqqət mərkəzində dayanır. Bu da ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət edəcək. Eyni zamanda, Milli Məclisdə keçirilən ictimai dinləmə təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst şəkildə ifadə etməsinə imkan yaradıb. Bu cür müzakirələrin keçirilməsi, vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə və ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına zəmin yaradır".

Millət vəkili Sevinc Hüseynova hesab edir ki, Milli Məclisində keçirilmiş "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləməni ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Həmin dinləmədə ölkəmizdə dövlət qeydiyyatından keçən və fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələri iştirak etdi və müzakirələrdə yaradılan plüralizm şəraitində təmsil etdikləri partiyaların üzvlərinin fikirlərini ifadə etdilər. Deputat qeyd edib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun, 30 il bundan əvvəl, 1992-ci ilin iyul ayında qəbul edilmişdir və təbii ki, ötən bu 30 il ərzində istər Azərbaycanda, istər beynəlxalq aləmdə, o cümlədən siyasi sistemdə mühüm dəyişikliklər baş vermişdir: "Bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilmişdir və bu sahədə də böyük təcrübə əldə olunmuşdur. Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyda baş verən yeni tenensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını, yeni qanunun hazıranmasını zəruri etmişdir. Parlamentə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etmişdilər və parlamentimizin üç komitəsindən 20-dən artıq ölkənin təcrübəsi araşdırılaraq bu qanun layihəsi hazırlanmışdır və iki ay bundan öncə Milli Məclisin saytına yerləşdirilmişdir. Milli Məclis rəhbərliyi tərəfindən siyasi partiyalara təklif və rəylərinin bildirilməsi ilə bağlı müraciət olunmuşdur. Ötən iki ay ərzində siyasi partiyaların rəhbərləri tərəfindən 240-a qədər təklif və rəy bildirilmişdir. Bu proseslərin hamısı və dinləmənin keçirilməsi və keçirilmə zamanı yaradılmış şərait bir daha göstərir ki, Milli Məclis tərəfindən yeni bir müsbət tendensiya yaradılmışdır. Dinləmənin yaratdığı müsbət tendensiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür. Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31