Azərbaycan-Gürcüstan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib
28 Oktyabr 2022 11:30 Siyasətİki ölkə arasında əməkdaşlıq bütün sahələri əhatə edir
Azərbaycan müstəqillik əldə etdikdən sonra region dövlətlərlə bərabərhüquqlu, ikitərəfli münasibətlərin qurulması istiqamətində iradəsini ortaya qoyub. Qonşu dövlət olan Gürcüstanla qurulan və bu gün də inkişaf etməkdə olan əməkdaşlıq artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, müstəqil Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Azərbaycanla Gürcüstan arasında müstəqillikdən sonra yaranan siyasi münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstan Respublikasının Prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Erməni və gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycanla Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir. Hazırda Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. Xatırladaq ki, hələ 2008-ci ilin yanvarında Gürcüstan məlum olmayan səbəblər üzündən qazsız və elektrik enerjisiz qalanda, Azərbaycan Gürcüstana kömək edib, onun təbii qaz ehtiyacının 88 faizini təmin etməyə başlayıb. Azərbaycan qazı Tbilisi üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz başa gəlir. Həmin ilin avqustunda ölkəmiz Rusiya ilə toqquşan Gürcüstana yardımını əsirgəməmişdi.
Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq hazırda da davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik. Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. Belə ki, iki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir. Bu ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu əvvəlki ilin ümumi dövriyyəsi ilə, demək olar, eynidir. Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30.0 faiz artıb. 2020-ci ildə 536 milyon 202 min dollarlıq dövriyyə qeydiyyata alınmışdı. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər.Digər tərəfədən, Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə xüsusi töhvə verir. Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu Gürcüstana qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz birinci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də Azərbaycan Dövlət Neft Şirkətidir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb. Ölkələrimiz həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artıb.
Alim