Radikal dini qruplaşmalar yenidən dövlətçilik əleyhinə fəaliyyətdə
28 Oktyabr 2022 11:21 SiyasətOnları siyasi müxalifətlə nə birləşdirir?
Zaman-zaman radikal dini qruplaşmaların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışdıqları, bunun üçün planlar qurduqları, hətta xarici dairələrdən dəstək aldıqları barədə mətbuatda yazılar dərc edilib, problemin kifayət qədər ciddi olması barədə cəmiyyət maarifləndirilib. Düzdür, ölkənin hüquq-mühafizə orqanları bu kimi cəhdlərin qarşısını zamanında alsa da, məkrli qüvvələrin Azərbaycana qarşı planları davamlı xarakter alıb. Hətta bu istiqamətdə radikal dini qruplaşmaların radikal müxalifət düşərgəsi ilə də əməkdaşlıq etdiyi bildirilir. Əslində bu fakt dəfələrlə təsdiqini tapıb. Milli Şura adlanan qurumun ötən illərdə paytaxtda keçirdiyi mitinqlərin böyük əksəriyyətinin sosial bazasını siyasilərdən daha çox məhz radikal dini qruplaşmalar təşkil edib. Bu günlərdə isə onların hazırda xaricdə yaşayan Qurban Məmmədovla əlaqələrinin olması barədə fikirlər gündəmi zəbt edib. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, təkfirçilərin və xəvariclərin lideri Əlixan Musayevin, xaricdə yaşayan müxalifətçi Qurban Məmmədovla sıx əlaqələri aşkar edilib: "Biz dəfələrlə Əlixan Musayevin təkfirçilik, radikalizm, cihad fikirləri yaydığını bildirmişik. Buna baxmayaraq mediada bu dediklərimiz yayılandan sonra 2-3 ay xaricə gedir, yenidən gəlib Bakıda öz radikal fikirlərini yaymağa davam edir. Təkfirçi və radikal islamçıların lideri kimi tanınan məşhur Əlixan Musayev yenidən 3 ay sonra Bakıda peyda olmağa başlayıb. Heç nədən xəbəri olmayan normal dindar gənclərlə bərabər radikal təkfirçiləri də bir arada toplamağa başlayıb və dini dərslər keçir. Bu dəfə özünə yeni yuva tapa bilib. Belə ki, Qara Cuxur məscidinin yanında "Şeyx" kafesində dindar gəncləri toplayıb öz radikal fikirlərini, müsəlmanlara qarşı təkfirçilik fitnəsini davam etdirir. Əlixan Musayev bununla kifayətlənmir. Qobustan, Balakən, Zaqatala, Şəki, Şamaxı və digər rayonlara səfərlər edir və radikal təkfirçilərin İŞİD meyilli olanları ətrafına toplayır. Belə radikal bir fürsətçinin hər 3 aydan bir Azərbaycana gəlib ətrafına radikalları toplamasının qarşısı alınmalıdır. Xarici ölkədə yaşamasına baxmayaraq hər 3 aydan bir gəlib ölkəmizdə pozucu fəaliyətinə davam etməsi heç də arzu olunan deyil".
Əkrəm Həsənov deyir ki, Azərbaycan hakimiyyətini tənqid edən və Avropada məskunlaşan Qurban Məmmədov da Əlixan Musayevi dəstəkləyir və dini məsələlər barədə onunla müzakirə aparır və davamlı əlaqə saxlayırlar: "Əlixan Musayev vasitəsi ilə dindar müxalifət dəstəsi yaradılır. Bizə maraqlıdır ki, görəsən Əlixan Musayev Qurban Məmmədovun hansı tapşırıqlarını yerinə yetirir. İran fars molla radikal qrupların qarşısı alındığı indiki halda daha böyük təhlükə ilə üz-üzə gəlmişik. Aidiyyati qurumların bu məsələlərə həssas yanaşmasını arzu edərdik. Gələcəkdə ölkəmizdə radikal dindar təhlükəsinin qarşısı indidən alınmalıdır".
Əkrəm Həsənovun sözlərinə görə, bir vaxtlar Qurban Məmmədov Əlixan Musayevə Suriyada cihadı dəstəklədiyini və onun fətvasının doğru olduğunu demişdi: "Hətta Qurban Məmmədov Suriyada və digər ölkələrdə inqilabları dindarların azadlıq uğrunda aya qalxması kimi izah etmişdi. Əldə etdiyimiz məlumata görə son bir neçə gündür ki, Əlixan Musayev Qobustanda Şəhriyar şadlıq sarayında dərslər təşkil edir. Oranın rəhbəri Misirdə təhsil alan təkfirçi xəvaricdir. Deyilənlərə görə belə getsə təkfirçilik yayılacaq. Qarşısı alınmalıdır. Əlixan Musayevin əlindən öpənlərə bir məsləhət verim. Şeyxiniz açıq -aşkar ittihamlara qarşı gözəl bir çıxış etsin. Bəyanat versin, səhvlərini düzəltdiyini etiraf eləsin. Burada qəbahət heç nə yoxdur. Etdiyiniz bəd dualar hamısı sizin özünüzə və şeyxinizə aiddir. Necə olur ki, illər əvvəl cihada çağırış edirdi və bütün bunların sübutu olduğu halda indi tülkü kimi boynundan atır. Hamısını etiraf eləsin. Mənə yox, öz əlindən öpüb ona sitayiş edənlərə bəyan etsin və bunu digər gizlin yerlərdə dərs keçdiyi kimi danışsın və digər danışıqlarını öz youtube kanalında paylaşdığı kimi paylaşsın. Açıq -aşkar çıxışları, radikallığı yaymağı barədə sübutları var. Bütün bunlara aydınlıq gətirsin. Türkiyəyə öz dili desək hicrət edib təzədən üç aydan bir Azərbaycana gəlib xəvaricləri, təkfirçiləri başına yığmağının səbəbini açıqlasın. İŞİD-i dəstəkləyən və Suriyada cihad var deyən radikal cihadistləri başına yığıb onlara verdiyi dərslərin mahiyyətini bizə də izah eləsin. İşin tərs tərəfi də budur ki, radikal təkfirçi və xəvaricləri başına yığmaqla bərabər normal, heç nədən xəbəri olmayan, özlərini sələfi hesab edən dindar gəncləri də ətrafına toplayıb. Ona inanan dindarların isə çoxunun onun hiyləsindən və fəndindən xəbərləri yoxdur". Əkrəm Həsənovun sözlərinə görə, Əlixan Musayev öz ətrafına elə xəvaric təkfirçiləri yığır ki, onlar şəhidlərimizə belə dil uzadırlar: "Sonra da həmin o xəvaric və təkfirçilər səhvlərini başa düşüb itib gediblər. Çoxu Əlixan Musayevin fətvası ilə gedib İraqda, Şamda, Suriyada həyatlarını itirdilər. Çoxunun ailəsi, uşağı yetim, başsız qaldı".
Füzuli