Prezident İlham Əliyev Yeni Cənubi Qafqazın gələcəyi üçün yol xəritəsini cızdı - ÖZƏL

"Tarix boyu müharibədə qalib gələn dövlətlərin rəhbərlərinin təkəbbürlü olmaları barədə çox yazılıb. Amma qalib dövlət rəhbərləri, sərkərdələr nadir hallarda təvazökar olublar. Bununla bağlı iki nümunə gətirmək istəyirəm. Birinci nümunəni Mustafa Kamal Paşa yaradıb. Oxuduqlarımı nə qədər dəqiq xatırlayıramsa, türk milləti istiqlal savaşında yunanları dənizə tökdükdən, Antanta ölkələrinə qalib gəldikdən sonra ayaqlar altına atılmış yunan bayrağını görən Mustafa Kamal Paşa onu yerdən götürür  və deyir ki, bayraq bir millətin varlığıdır. Məktəbdə şagirdlərlə görüşən Mustafa Kamal Paşa soruşur ki, övladlarım, nə istəyirsiniz? Uşaqlar bir ağızdan cavab verir: savaş! Mustafa Kamal Paşa şagirdlərə deyir ki, müharibə çox pis şeydir, quruculuq, barış və mehriban qonşuluq lazımdır. İkinci nümunəni gözlərimizin önündə Prezident İlham Əliyev yaradır. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edilib torpaqlarımız işğaldan azad edildikdən sonra dövlət başçımız İrəvana  mehriban qonşuluq, əməkdaşlıq təklif etdi. Bununla əslində bütün Yeni Cənubi Qafqazın gələcəyi üçün yol xəritəsini cızdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin bu sahədəki xidmətlərini  oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında aşağıdakı kimi ifadə etdi: "...biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik. Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm."

Prezident İlham Əliyev isə mətbuata bəyanatında Cənubi Qafqazın gələcəyinə dair baxışlarını bir daha bəyan etdi: "Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq". Prezident İlham Əliyev yenə də İrəvana sülh çağırışı etdi. Ermənistanın gələcəyi qonşularla normal münasibətlər qurmaqda və əməkdaşlıqdadır. Prezident İlham Əliyev  Yeni Cənubi Qafqazın qurucusu rolundadır. Ermənistan sülh istəyəcəkmi, qurucunun yanında olacaqmı? Əgər Ermənistan rəhbərliyi belə etməsə, onda yenə də Cənubi Qafqaz regionunda çiban kimi qalacaq, maraqları olan dövlətlər daim ondan istifadə edərək buraları qarışdıracaqlar. Cənubi Qafqaz elə əvvəlki kimi qalmaqda davam edəcək və yenilənməyəcəkdir. Bu isə sonradan regiona gəlib yerləşmiş erməni xalqına bədbəxtlikdən başqa bir şey gətirməyəcəkdir.Yeni Cənubi Qafqazın qurulması üçün Ermənistan müstəqil olub ağıllanmalıdır. Ağıllanacaqmı? Bunu zaman göstərəcəkdir. Amma tarixi təcrübə nikbinliyə əsas vermir.Tarix isə ən böyük müəllimdir..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31