İranın Ermənistan “sevdasının” altında da əsasən azərbaycançılığa, türkçülüyə qarşı düşmənçlik yatır - ÖZƏL
26 Oktyabr 2022 10:43 Siyasət"Ölkəmizin Ermənistana qarşı apardığı müharibənin 44 gündən sonra qələbə ilə bitməsi, İranla sərhəd olan rayonlarımızın da işğaldan azad olunması ilə nəticələndi. İranda yaşayan milyonlarla azərbaycanlı bu nəticəyə sevinsələr də rəsmi Tehranın üzü heç gülmədi. İran, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin 10 noyabrında imzalanmış "Bəyannamənin" 9-cu bəndinin icrasından, yəni Zəngəzur dəhlizinin açılmasından narahatdır".
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə səsləndirib. O bildirib ki, torpaqlarımızın işğal olunması, Ermənistanla Azərbaycanın və Türkiyənin sərhədlərinin bağlı qalması İranın coğrafi mövqeyini artırmışdı: "Tranzit imkanlarından istifadə edərək İran, həm iqtisadi baxımdan gəlir, həm də siyasi təzyiq alətləri əldə etmişdi. İran regionda yaranmış yeni siyasi vəziyyəti qəbul etmək istəmir. Halbuki, regionda sülhün yaranması və Zəngəzur dəhlizinin açılması onun üçün daha da böyük iqtisadi imkanlar və geniş nəqliyyat - komunikasiya xətləri yaradacaq. İran bu iqtisadi imkanları yaxşı görür. Lakin torpaqlarımızın işğaldan azad olunması ilə əlindən çıxdığı təsir fürsəti, ətrafında baş verənlərə hər hansı bir müdaxilə edə bilməməsi, region ölkələrinin siyasi - iqtisadi münasibətlərini İranın iştirakı olmadan qura bilməsi onu narahat edir. Yəni İranın qorxusu iqtisadi imkanlarının itirməsi deyil, regiona siyasi təsirinin əlindən çıxmasıdır".
AVP rəsmisi qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasını da türk ölkələrini birləşdirəcək xətt kimi görür və bunu özü üçün əsassız olaraq təhdid kimi qiymətləndirir: "Ona görə də əsas qorxusu Azərbaycan Türkiyə münasibətlərinin inkişafı və bu münasibətlərin fonunda Türk Dövlətlər Birliyinin daha da güclənməsidir. Heç də təsadüfü deyil ki, Türkiyə Prezidentinin Zəngilan hava limanın açılması ilə bağlı səfəri günü İran, Qərbi Zəngəzurda yerləşən Qafan rayonunda konsulluq binasının açılışını etdi. Konsulluq binasının açılışında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın "İran, Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir. Biz Ermənistanı Şimal-Cənub mühüm tranzit marşrutlarından biri hesab edirik. Bu tranzit marşrutunu gücləndirmək, genişləndirmək və bu marşrut üzrə yük maşınlarının və sərnişinlərin hərəkətini sürətləndirmək üçün Ermənistanla maksimum əməkdaşlıq edəcəyik" fikirləri əsassız və yersizdir. Ona görə ki, regionda Ermənistanın təhlükəsizliyinə qarşı heç bir təhdid yoxdur. Tam əksinə, Ermənistan özü sülhə təhlükədir və təcavüzkar siyasətindən əl çəkmir. Qaldı ki, "Ermənistanın Şimal-Cənub mühüm tranzit marşurutlarından biri olmasına" xəritəyə baxan rahatlıqla görə bilər ki, Ermənistan dağlıq ərazidə və dalanda yerləşir. Ona görə orada İranın vasitəçiliyi ilə hər hansı bir layihənin maddi və iqtisadi baxımdan reallaşma prespektivi yoxdur".
Yalçın Hacızadə onu da diqqətə çatdırıb ki, İranın Qərbi Zəngəzurda konsulluq açması, Azərbaycan sərhəddində İsraili "axtarması", köhnə, yarasız texnika ilə hərbi təlimlər keçirərək Azərbaycana hədə - qorxu gəlməyə çalışması məkirli siyasətinin göstəricisidir: "Azərbaycan - Türkiyə strateji müttəfiqliyi regionda istənilən təhlükənin qarşısını alacaq, layiqli cavab verə biləcək gücdədir. Ümumiyyətlə, İran hər zaman terror dövlətlərinin və qruplarının yanında olub. Ölkəsində yaşayan 35 milyonluq azərbaycanlılara zülm edən, siyasi, mədəni hüquqlarını pozan, 30 ilə yaxın islam ölkəsinin torpaqlarını işğalda saxlayan, müsəlman abidələrini, məscidlərini dağıdan, qətliamlar, terrorlar və soyqırımlar törədən Ermənistanı dəstəkləməsi heç də təsadüfü deyil. İranın Ermənistan "sevdasının" altında da əsasən azərbaycançılığa, türkçülüyə qarşı düşmənçlik yatır".