İlham Əliyevin Gürcüstan səfəri Ermənistanda ciddi narahatçılıq yaradıb - ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri, planlaşdırılan Hindistan-İran-Ermənistan-Gürcüstan dəhlizi məsələsini də birdəfəlik bağladı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycan dövlət başçısının Gürcüstana səfəri Ermənistanda da diqqətlə izlənilib və erməni mətbuatı bu səfərə geniş yer ayırıb. Ekspertin sözlərinə görə, erməni mətbuatında İlham Əliyevin Gürcüstana səfəri ilə bağlı dərc edilən yazılardan məlum olur ki, İrəvan bu səfərdən ciddi narahatçılıq keçirib: "Erməni mətbuatı yazır ki, SSRİ dağılandan sonra Gürcüstan da Ermənistana münasibətdə qonşuluqdan uzaq davrandı. Bu gün Gürcüstan iqtisadiyyatının bir çox sahələri türklərin və azərbaycanlıların əlindədir. Gürcüstanın regionda Bakı və Ankaranın peykinə çevrildiyini söyləmək olar. Təbii ki, bu, onun Ermənistana münasibətində iz buraxdı".

Ədalət Verdiyevin sözlərinə görə, erməni mediası daha sonra yazır ki, Tiflis sözlə mehriban qonşuluqdan danışsa da, buna baxmayaraq, tədricən anti-erməni siyasət yeridir: "Axı biz xatırlayırıq ki, gürcülər Rusiyadan gələn hərbi yükləri Ermənistana buraxmaqdan imtina edirdilər. Baxmayaraq ki, eyni vaxtda göyərtəsində Azərbaycan üçün silah olan Türkiyə və İsrail nəqliyyat təyyarələri Gürcüstanın hava məkanından sərbəst keçirdilər. Gürcüstanın Ermənistana qarşı qeyri-dost münasibəti kontekstində Əliyevin Tbilisiyə işgüzar səfəri də nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, gürcülər Əliyevi daha çox səmimi qarşıladılar. Bu başa düşüləndir - o, Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyur (təxminən 3 milyard dollar), iqtisadiyyatın bir çox sahələri azərbaycanlıların əlindədir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31