Qubadlının işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı - ÖZƏL
25 Oktyabr 2022 10:46 Siyasət"Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən iki il ötür. Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etmişdi: "Eyni zamanda Ali Baş Komandan İlham Əliyev sonralar Qubadlı döyüşləri barədə danışarkən deyib: "Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər". Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın rəşadətli ordumuz! Yaşasın Qubadlı şəhəri!"