Zəngəzur dəhlizi Gürcüstana da dividentlər qazandıracaq

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana gerçəkləşdirdiyi qısamüddətli işgüzar səfər həm Azərbaycan, həm də Gürcüstanda geniş şəkildə təhlil olunur. Bu səfərin ölkələr arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi və ticari sahədə də yeni-yeni imkanlar açacağı, iqtisadi əməkdaşlıq sahəsində Bakı ilə Tiflis arasında yeni bir mərhələnin başlayacağı vurğulanır.

İqtisadçı Eldəniz Əmirov Gürcüstanda Azərbaycan arasında mövcud olan hazırkı iqtisadi əlaqələrə diqqət çəkərək bildirir ki, Azərbaycanın 34 milyard dollarlıq xarici ticarət dövriyyəmizin 764 milyon dolları Gürcüstanın payına düşür. Bu isə 2.2 faiz deməkdir. Bunun da 661 milyon dolları ixracımızın, 103 milyon dolları idxalımızın payına düşür: "Göründüyü kimi kiçik məbləğdır.  Amma potensial dəfələrlə çoxdur. Ona görə ki, həm qonşudur, həm də digər qonşularla müqayisədə Azərbaycana qarşı elə də qərəzli davranmır. Həm də ona görə ki, Şərq-Qərb dəhlizinin marşurutu Azərbaycandan sonra Gürcüstandan keçir. Eyni zamanda Bakı Ticarət Limanının illik 15 milyon tonluq yük keçirmə qabilliyyəti, 25 milyona qədər artırılacaq.  Yəni, hansı istiqamətə baxsaq münbit şərait var ki, əlaqələr genişlənməli, ticari dövriyyəsi yüksəlməlidir".

Eldəniz Əmirov hesab edir ki, indiki məqamda cənab Prezidentin Gürcüstana səfər etməsi təkcə ticari dövriyəyə və iqtisadi əlaqələrin yüksəlməsinə deyil, eyni zamanda Zəngəzur dəhlizinin Gürcüstan üçün təsirlərinə toxunmaq baxımından da münasib fürsət idi: "Çünki Gürcüstan tərəfi açıq etiraf etməsə də, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın Gürcüstandan asılılığının artmasına imkan verməyəcək. Sülh müqaviləsindən sonra yeni tranzit layihələr bura yönələcək və bu da Gürcüstanı təbii ki məmnun etməyəcək. Amma bu dəhlizin Gürcüstana qazandıracaq digər dividentləri olacaq. Buna görə də ölkələr arasında yüksək səviyyəli görüşlərin keçirilməsinə və münasibətlərin isti saxlanılmasına böyük ehtiyac vardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31