Qubadlı yenidən qurulduqdan sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq - ÖZƏL

" 2020-ci ilin 25 Oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal olunan Qubadlı rayonunu işğaldan azad etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular. Bütün yüksəkliklər düşmənin nəzarətində idi, Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Ermənilər bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı, irəliləməyə imkan vermirdi. Nəhayət 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı:

"Qarabağ və Zəngəzurda həyata keçirilən böyük bərpa və quruculuq işləri nəticəsində Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər tam əhatə olunub. Məktəb, xəstəxana və digər sosial obyektlər, yaşayış binaları yenidən inşa olunacaq. Hazırda insanların rahat istifadəsi üçün Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Heç şübhəsiz ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı yenidən qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq. Bu gün bu işlərin uğurla həyata keçirilməsi üçün bütün addımlar atılır. Bütün bunlar tezliklə Qubadlının bölgənin ən abad və gözəl bölgələrindən birinə çevriləcəyini söyləməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31