İranın atdığı addımlarda Azərbaycana qarşı düşmənçilik özünü göstərir
21 Oktyabr 2022 16:14 Siyasətİran bütün qonşuluq, qarşılıqlı əməkdaşlıq normalarına zidd addım ataraq Azərbaycana qarşı açıq-aşkar düşmən mövqe nümayiş etdirir. İstər Tehranın Qafanda konsulluq açması, istər Azərbaycanla sərhəddə bir neçə gün əvvəl hərbi təlimlər keçirərək ölkəmiz əleyhinə təhdid dolu bəyanatlar səsləndirməsi fonunda bunu aydın şəkildə görmək mümkündür. Elə siyasi ekspert Çingzi Şahbazi də bu qənaətdədir. Onun sözlərinə görə. İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərdəki əməliyyatlara diqqət etsək görərik ki, bu açıq şəkildə Azərbaycana qarşı təhdidlər: "İranın atdığı addımlarda Azərbaycana qarşı düşmənçilik mövqeyini görməmək mümkün deyil".
Ekspert qeyd edib ki, Türkiyə prezidenti Ərdoğanın, işğalından azad edilmiş Zəngilan şəhərinə səfəri ərəfəsində, İran xarici işlər naziri də Ermənistana səfər edib və çox maraqlı bəyanatla çıxış edib: "Deyir ki, "Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük". İranlı nazir ordan da Qafan şəhərindəki konsulluq binasının açılış mərasimində iştirak etmək üçün Zəngəzur mahalına səfər edib. Nələr baş verir? İranın düşməni olan ABŞ-ın dövlət rəsmiləri Ermənistana səfər edirlər, amma İran heç bir halda Ermənistana qarşı münasibətlərdə mövqeyini dəyişmir. Amma bu kimi hallardan narahat olmayan İran, nədənsə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən, dost və qardaş hesab etdiyi Ermənistan qədər narahat olmağa başlayır. Azərbaycanı özünə təhlükə bilməklə yanaşı, həm də düşmən obrazı yaradaraq, daxildəki soydaşlarımıza göstərməyə çalışır".
Çingiz Şahbazinin sözlərinə görə, görünən odur ki, İran bir çox məsələlərdə gecikib: "Çünki Zəngəzur dəhlizinin reallaşmasına dost hesab etdiyi Ermənistan iki il əvvəl razılıq verib. Çünki əks halda razılaşmasaydı, Azərbaycan ordusu İrəvanda ola bilərdi. Cənab Ərdoğanın da dünən Zəngilanda xatırlatdığı məsələ də məhz bu razılaşmaya əsaslanır".
Süleyman İsmayılbəyli