"Zəngilan hava limanının iqtisadi faydalılığından çox siyasi ağırlığı var" - EKSPERT- ÖZƏL

"Zəngilan hava limanının istifadəyə verilməsi, xüsusən də hazırki geosiyasi krizlərin yaşanması fonunda əlamətdar hadisədir. Bu hava limanı regionun inkişafına səbəb olacaq bir çox üstünlüklərə sahibdir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Birinci hava limanı bölgənin infrastrukturunun yenidən qurulması işində önəmli tranzit rolunu oynayacaq, yük və sərnişin daşımanı asanlaşdıracaq. İkincisi, ən ucqar rayon olan Zəngilanın nəqliyyat problemlərinin sürətli və effektiv həllində önəmli rol oynayacaq. Həm də buradan işğaldan azad edilmiş digər bölgələrin yenidənqurma işləri zamanı da tranzit mərkəz kimi istifadə etmək mümkün olacaq. 
Ancaq mən Zəngilan hava limanına tək iqtisadi perspektivlərdən yanaşmağı doğru hesab etmirəm. Bu hava limanının iqtisadi faydalılığından çox siyasi ağırlığı var. Bildiyimiz kimi Zəngilan Azərbaycanın Həm Ermənistan, həm İrana sərhəddi olan, eyni zamanda ən ucqar rayonudur. Zəngilanda tam bərqərar olmaq və burada bütün sahələrdə güclənmək, son günlər Azərbaycan əleyhinə birləşmiş İran-Ermənistan birliyinə gözdağı sayıla bilər. Azərbaycan tərəfi açıq şəkildə mesaj verir ki, artıq bölgədə hakim söz rəsmi Bakınındır. Burada beynəlxalq statusda hava limanın inşası da tək adı çəkilən ölkələrə deyil, anti-Azərbaycan mövqedə olan bütün ölkələrə mesajdır. 
Eyni zamanda, Zəngilan hava limanının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Elə Azərbaycan prezidenti İlham Əliyev də ev sahibi olaraq açılışda iştirak edib. Hər iki ölkə liderlərinin dostluq və qardaşlıq münasibətləri çərçivəsində regionun siyasi həyatında əlamətdar hadisə sayılacaq hava limanının açılışında bərabər iştirak etməsi, dediklərimizin sübutudur. Türkiyə-Azərbaycan müttəfiqliyi ən ucqar rayonlarda, ən çətin məqamlarda belə nəzarətin və üstünlüyün rəsmi Bakıda olduğunu nümayiş etdirir. 
Bu isə, çox önəmlidir. Ona görə ki, 30 il işğalda qalan bölgədə heç bir yenidənqurma işləri həyata keçirilməyib, əksinə bu bölgə xarabalığa çevrilmişdi. Ancaq bölgənin işğaldan azad edildiyi qısa zaman dilimində yenidənqurma işləri həyata keçirilir. Bu isə, dünyaya bir mesajdır ki, dağıdıcı və radikal tərəflə, qurucu və inkişafa meyilli, dünyada sülhə sadiq tərəfin kim olduğunu açıq-aşkar görsünlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31