“Böyük Qayıdış” layihəsinə uyğun olaraq Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir
21 Oktyabr 2022 10:59 SiyasətVətən müharibəsindən keçən dövr ərzində işğaldan azad edilən bütün ərazilərimizdə, şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır, bərpa prosesi həyata keçirilir. Artıq bir neçə şəhər və rayonlarımızda ilkin olaraq məskunlaşma prosesi də həyata keçirilib. Paralel olaraq həmin ərazilərdə yeni-yeni infrastruktur layihələrinin də təməli qoyulur. Necə ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunda bir neçə obyektin, yaşayış binası və məktəb binasının təməli qoyuldu. Rayonun işğaldan azad edilməsinin ikinci ildönümünə təsadüf edən həmin tədbirlər, eyni zamanda Zəngilan beynəlxalq hava limanının Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, azad edilən ərazilərdə tezliklə bütün sahələrdə canlanma, həyat qaynayacaq.
Məlumat üçün qeyd edək ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda da olublar. Dövlət başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.
Bildirilib ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Əgər Zəngilanın işğaldan azad edilmə tarixinə və aradan keçən qısa müddətə nəzər yetirsək mübaliğəsiz şəkildə deyə bilərik ki, qısa zaman kəsiyində rayon kifayət qədər nəzərə çarpacaq dərəcədə, bir çox inkişaf etmiş ölkələrin nail ola bilməyəcəyi formada inkişaf edib.
Elə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova da bu qənaətdədir. Iki il əvvələ nəzər salan Könül İsmayılova deyib ki, Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu və 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi: "Beləliklə də ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də cənab Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Eyni zamanda işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi".
Könül İsmayılova bildirib ki, "Böyük Qayıdış" layihəsinə uyğun olaraq Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir: "Birinci pilot layihə Zəngilanda icra edildi və Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salındı. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Cari ilin may ayında isə Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir".
Könül İsmayılova deyib ki, oktaybrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanının açılışı reallaşdı: "Ölkəmiz üçün mühüm hava limanının açılışda qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bunun özü də xüsusi əhəmiyətə malik bir hadisə idi".
Füzuli