Şərqi Zəngəzurun açarı etibarlı əllərdədir
21 Oktyabr 2022 10:09 SiyasətErmənistanın işğalından azad edilmiş ərazilərimizdə təkcə quruculuq-bərpa işləri aparılmır, eləcə də beynəlxalq əhəmiyyətli obyektlər inşa edilir. Qarabağın hava qapısı olan Füzulidən sonra Zəngilanda da beynəlxalq hava limanı istifadəyə verilib. Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanı 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilib. 2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Təxminən bir ildən sonra tarix təkrar olunur, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq hava limanının açılışında iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Məlumat üçün qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Millət vəkili İmamverdi İsmayılov bildirib ki, azad Şərqi-Zəngəzurun dilbər guşəsi olan Zəngilanda yeni, müasir yollar salınır, azad, abad kəndlər tikilir, şəhərlər qurulur: "Dünənədək ayaqlarımızla gedə bilmədiyimiz yurdlarımızda bu gün dünya standartlarına uyğun hava limanları bizə qucaq açır. İndi, bu anlardaca, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda böyük quruculuq işləri ilə tanış olur, açılışlar edirlər. Ardınca hörmətli qonağımız - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana birbaşa uçan təyyarəsini elə doğma yurdun hava limanındaca qarşıladılar. Zəngilan rayonunda tikilən hava limanının həm ölkəmiz, həm də beynəlxalq müstəvidə ciddi strateji üstünlükləri var".
Millət vəkili Ramil Həsən qeyd edib ki, 20 oktyabr 2020-ci il tarixində müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini işğalçılardan azad edib: "Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızı öz gücümüzə yenidən qururuq, eləcə də Zəngilan torpağında həyat qururuq. Qarabağa "Böyük Qayıdış"da məhz Zəngilandan başlamışdır. Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Zəngilanda açılışı reallaşan Zəngilan Beynəlxalq Hava limanı bir daha bütün dünyaya Azərbaycanın iqtisadi gücünü, qüdrətini nümayiş etdirəcək, eyni zamanda bu bizim nəyə qadir olduğumuzu göstərir. Beləliklə, Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilir".
Millət vəkili Sahıb Alıyev bildirib ki, Arazboyu təlim keçirənlər ikinci Qarabağ savaşı günlərində Ermənistana cəbhədəki durumla bağlı kəşfiyyat məlumatı ötürülməsindən tutmuş, ərazisindən keçməklə silah-sursat, terrorçu dəstələrinin göndərilməsinədək hər cür dəstək verdi. Sonda hətta Zəngilan yaxınlığında ordumuzun önünü kəsmək, torpaqlarımızın azad edilməsinə maneçilik törətmək kimi bir rəzilliyə də əl atdı: "Amma məqsədinə çata bilmədi, 2020- ci ilin 20 oktyabrında Zəngilan düşməndən azad edildi. Düz iki il sonra, Zəngilanın azad edildiyi gündə orada Beynəlxalq Hava Limanının açılışı və bu açılışa qardaş Türkiyənin lideri cənab Ərdoğanın təşrif gətirməsi həmən o təlim keçirənlərə bir ismarıcdır. Yəni təlim keçirmirsiniz, nə edirsiniz edin, proses gedəcək, Zəngilanın azad olunması, bu gün orada, Zəngəzurun hava qapısının açılması kimi regionla bağlı digər planlar da reallaşdırılacaq. Maneçilik törətməyə qalxsanız Zəngilan Beynəlxalq Hava Limanının başqa bir özəlliyini də görəcəksiniz və bu sizə çox baha başa gələcək. Yəni əmmamənizi çıxarın, ağlınızı başınıza yığın, qarşınızda kimlərin durduğuna yaxşı baxın, siz hədənizlə çaqqallardan təmizləndikdən sonra Zəngəzur bozqırlarına buraxılan ceyranları belə hürküdəcək gücdə deyilsiniz".
Alim