Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında, "suların durulmasında" Türkiyənin mühüm rolu var

Dünyanın diqqəti yenə Azərbaycanda, yenə iki qardaş ölkənin, Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğandadır. Daha dəqiq desək Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində. Azad Qarabağ səması vasitəsilə təyyarə ilə ikinci dəfə səfər edən Rəcəb Tayyib Ərdoğan bu dəfə Zəngilan hava limanının açılışında iştirak etmək üçün Azərbaycanda idi.

Qeyd etdiyimiz kimi dünyanın diqqəti istər-istəməz bu səfərdə idi. Ən azından ona görə ki, bu səfər, açılışı olan Zəngilan beynəlxalq hava limanı Zəngəzur bölgəsinə daxil olan ərazi vahididir. Bu baxımdan Zəngilan beynəlxalq hava limanının açılışı həm də Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində ilk mühüm addım sayıla bilər.

Qonşularımızın da diqqəti Ərdoğanın Azərbaycan səfərində, Zəngilan hava limanının açılışında idi. Ən çox da İran və Ermənistanın. Təbii ki, hər ikisinin də diqqəti mənfi istiqamətdə. Sanki dövlət olaraq sonlarının çatdığı kimi mən əndişə içərisindədir həm İran, həm də Ermənistan. İranın narahatçılığı o qədər ciddi xarakter alıb ki, hətta Tehran Azərbaycanla sərhəddə hərbui texnika, qoşun cəmləyərək bir neçə gündür ki, təlimlər keçirir. Bununla Tehran sanki Azərbaycana əzələ nümayiş etdirir, rəsmi Bakının Zəngəzur dəhlizinin açılması istiqamətində görüdüyü işləri ləngitməyə çalışır. Bu mənada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Zəngilan hava limanının açılışında iştirakı molla rejiminə verilən cavab kimi də qiymətləndirilə bilər.

Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, Türkiyə prezidentinin belə bir həssas dönəmdə, İranın ölkəmizə qarşı təhdidləri artdığı ərəfədə Azərbaycan gəlməsi, xüsusilə Qarabağda, Zəngilanda hava limanının açılışında iştirakı xüsusi önəm daşıyır: "Vətən müharibəsindəki qələbədən sonra bu, Ərdoğanın ölkəmizə növbəti səfəridir. O, daha əvvəl Füzuli hava limanının açılışında da iştirak etmişdi.  Vətən savaşından sonra Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında, "suların durulmasında" qardaş ölkənin mühüm rolu var. Bu, xüsusilə Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası kontekstindən qiymətləndirilməlidir.  Artıq nəinki regional siyasi aktorlar, bütün dünya bilir ki, Türkiyə ilə Azərbaycan regionda birgə addım atır. Bu iki dövlətin qardaşlığı artıq planetə məlumdur. Əlbəttə, qarşılıqlı səfərlərin beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rolu var".

Ekspert bildirib ki, Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusilə hava limanlarının açılışında iştirakı dünyaya verilən vacib mesajdır: "Türkiyə regionda sabitliyin qorunmasında əsaslı rol oynayır. Bölgədə xaos yaratmaq istəyən güclər bunu mütləq nəzərə almalı, nəinki Bakı, həm də Ankara ilə hesablaşmalıdır.  Dövlət başçılarının çıxışlarında əksini tapan mühüm mesajlar, bir qayda olaraq Cənubi Qafqazdakı sülh və sabitliklə bağlı olur. Liderlərin Ermənistanla münasibətlər barədə danışması, onu təxribatkardan çəkinməyə, dialoqa çağırmaları da ənənəvi ifadə edilən fikirlərdəndir. Əlbəttə, həmişə olduğu kimi, digər tərəflər, o cümlədən Rusiya, İran da bu mesajlardan nəticə çıxarmalı olacaqlar".

Kənan Novruzov bildirib ki, Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən, Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur: "Sadəcə Baş nazir Nikol Paşinyan reallıqları anlamalı, üçüncü qüvvələrin yox, öz dövlətinin maraqlarından çıxış etməlidir. Həmçinin üçüncü qüvvələr də bilməlidir ki, artıq asanlıqla regionda "at oynada bilməzlər". İkinci bir tərəfdən, Azərbaycanla Türkiyə arasında baş tutan qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının inkişafı, türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Artıq Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq qurumlardan birinə çevrilib. İntensivləşən təmaslar, həmçinin səfərlər nəticəsində bu təşkilatın daha da inkişaf edəcəyi, nüfuzunun artacağı şübhəsizdir. Bundan başqa, Ərdoğanın Qarabağa səfəri region ölkələri üçün nəzərdə tutulmuş altılıq platformasının formalaşmasına da mühüm töhfədir. Beləliklə, Zəngilan səfəri də eyni ilə əvvəlkilər kimi təkcə ikitərəfli və regional əlaqələr müstəvisində deyil, beynəlxalq münasibətlər kontekstində kifayət qədər əhəmiyyətlidir. Gələcəkdə belə səfərlərin daha da intensivləşəcəyini düşünmək olar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31