Anti-Azərbaycan təbliğat dalğasına start verilib - ÖZƏL
19 Oktyabr 2022 14:50 Siyasət"Sentyabrın 13-də sərhədlərimizdəki təxribatlardan dərhal sonra "Azərbaycan Ermənistan ərazisinə hücum" edib tezisiylə Qərbdən - ABŞ və Avropada yerləşdirilmiş media şəbəkəsi vasitəsiylə başladılan və Fransa prezidenti Makron səviyyəsində davam etdirilən anti-Azərbaycan təbliğat dalğasına ölkənin içərisindən də əsaslar yaratmaq üçün artıq hərəkətə keçilib". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şükürlü deyib ki, sentyabrın 30-da Mili Şuranın Milli Məclis qarşısına təyin etdiyi piketin effektsizliyinə - adamların gəlməməsinə baxmayaraq, oktyabrın 24-ə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına növbəti kütləvi aksiya təyin edilib, əhaliyə indidən çağırışlar ünvanlanır: "Milli Şura rəhbərliyi çox yaxşı bilir ki, hökumət Ermənistanla sülh danışıqlarının getdiyi və rəsmi İrəvana da 2 ay vaxtın verildiyi belə bir həssas, kritik dönəmdə ölkənin içərisində kütləvi qarışıqlıq salmağa şərait yaradan heç bir addıma imkan verməyəcək. Bununla belə, şəhərin mərkəzi və əhalinin sıx hərəkətinin olduğu ünvanlara aksiya təyin etməklə, bir tərəfdən, dövlət qurumlarının diqqətini və enerjisini əsas hədəfdən yayındırıb, ölkənin daxilinə yönəltməyə çalışılır, o biri tərəfdən də, beynəlxalq təşkilatların Azərbaycanda kütləvi aksiyalara icazə verilmədiyi, polis zorakılığının olduğu haqda yeni tənqidi hesabatlarının olması üçün əsaslar yaradılır".
O qeyd edib ki, ölkənin düşmənlə üz-üzə olduğu və belə bir situasiyada da daxili sabitliyin son dərəcə gərəkli sayıldığı bir vaxtda içdə qarışıqlıq salmanın bircə adı var, fitnəkarlıq: "Vaxtilə böyük Həzrəti Əli məhz belələrini nəzərdə tutaraq deyərdi: "Qarışıq vaxtı məmləkətinizdə fitnə salanlardan olmayın! Yoxsa Allahın qəzəbinə gələr, lənətinə düçar olarsınız!".