İran Azərbaycana əzələ nümayiş etdirmək istəyir - ÖZƏL
19 Oktyabr 2022 13:50 Siyasət"İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı təxribatlarının daha da artdığını davamlı olaraq müşahidə edirik. Elə 44 günlük Vətən müharibəsi başa çatdıqdan bir müddət sonra da İran Azərbaycanın işğaldan azad edilmiş ərazilərə yaxın sərhəddə təlimlər keçirdi". Bu fikirləri "OLAYLAR"-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov səsləndirib. Onun sözlərinə görə, sərhədimizdə təlimlər keçirən SEPAH-dır və bir neçə gün əvvəl həmin qurum tərəfindən Azərbaycana təhdid dolu fikirlər də səslənib: "Əgər bu təlimlər İranın ümummilli qoşunu tərəfindən keçirilsəydi, bəlkə də müəyyən mənada bunu başa düşmək olardı. Ancaq təlimlərin məhz SEPAH tərəfindən keçirilməsi haqlı olaraq narahatçılıq yaradıb". Samir Hümbətov onu da diqqətə çatdırıb ki, İranın Azərbaycana qarşı çirkin niyyəti dayanır və düşmənçilik mövqeyi özünü göstərir: "İran həm də bu təlimlər ilə Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Ancaq bütün halda İran Azərbaycana qarşı hər hansı bir çirkin niyyət nəzərdə tutsa da, lakin həmin planı gerçəkləşdirməsi mümkün görünmür. Onun reallaşması sıfıra bərabərdir. Çünki Azərbaycan Türkiyə ilə "Şuşa bəyannaməsi" imzalayıb ki, bu da Azərbaycanın təhlükəsizliyi ilə bağlı zəmanət deməkdir".
Samir Hümbətov qeyd edib ki, bütün halda Tehranın Azərbaycana qarşı olan münasibəti saf deyil.