Ermənistanın hərbi cinayətlərini görməzdən gələnlər - ÖZƏL

"Bu gün Ermənistanın Berd rayonundan Gəncəyə SCUD ballistik raketinin atılmasından iki il keçir.  On nəfər mülki şəxsin şəhid olması, 40-nın yaralanmasıyla nəticələnən terror aktı  Azərbaycanın ikinci böyük şəhərinə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin reallaşdırdığı  eyni qəbildən olan 4-cü cinayət idi və bunun ardınca oktyabrın 17-də daha biri baş verdi.  Oktyabrın 10-da atəşkəslə bağlı üzərinə öhdəlik götürdükləri halda aradan heç bir gün ötməmiş törətdiyi hərbi cinayət sözünə və imzasına hörmət etməyən qarşı tərəfin humanizm anlayışından da nə dərəcədə uzaq olduğunu  növbəti dəfə ortaya qoydu".  "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, hələ doğruluğu tam təsdiqlənməmiş videolardan təsirlənərək  guya şoka düşdüklərini bildirənlər, orada baş verənləri dövlətimizin ayağına yazmağa cəhd edənlər görəsən o zaman niyə susurdular: "Biz yaxşı xatırlayırıq ki, dinc yaşayış məskənlərimizin raket-artilleriya atəşinə tutulduğu, mülki adamlar qətlə yetirildiyi günlər belə Ali Baş Komandanımız  düşmənə qarşı eyni addımlar atılmamasını, onun ancaq hərbi potensialının sıradan çıxarılmasını əmr etmişdi. Belə bir dövlətin ordusunda əsirlərlə hayların bizimkilərlə davrandığı kimi vəhşicəsinə davranmaq göstərişinin verilməsi mümkündürmü? Təbii ki, yox!  Torpaqları uzun müddət işğal altında olan və bir hissəsində hələ də işğalçı ordunun tör-töküntülərinin  qaldığı ölkəni təcavüzdə suçlandırmaq necə, bu, hansı məntiqə dayanır?  O videodakı səhnələrə qətiyyən haqq qazandırmayaraq bildirirəm ki, çiyin-çiyinə vuruşduğu dostu gözü qarşısında şəhid olan əsgər düşmənlə üzləşəndə emosional sarsıntı içərisində bəzən nə etdiyinin fərqinə varmır. Savaş zamanı təəssüf ki, belə hallara rast gəlinir. Sözügedən videolar növbəti hay dezinformasiyası deyilsə, orada baş  verənlər doğrudursa, onlardan birində eşidilən  "atəşi kəsin" əmri də elə dediklərimizin təsdiqi deyilmi? Həm də onun təsdiqi deyilmi ki, Azərbaycanın uyğun qurumları bununla bağlı dəqiq araşdırma aparıb, gərəkən nədirsə onu da edəcək?

Bir sözlə, doğruluğu sual altında olan videolardan "şoka düşüb", əsgər özbaşınalığı nəticəsində yox, qonşu ölkənin rəhbərliyinin birbaşa əmri ilə törədilən hərbi cinayətləri görməzdən gələnlərin, ədalətlilikləri kimi, guya bizim regionda dayanıqlı sülh istədikləri də əlbəttə, nağıldır. Ona hətta həmən çevrələrin təsirləri altında olan, muzd qarşılığında diqtə etdiklərini təkrarlayan, bir sözlə, paşinyanlarla eyni səfdə yer alan  "azərbaycanlılar" belə inanmırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31