Diplomatların ailə üzvlərinin işləməsinə icazə veriləcək
11 Oktyabr 2022 12:42 SiyasətAzərbaycan və İsveçrə diplomatların ailə üzvlərinin qarşılıqlı şəkildə qəbul edən dövlətdə işləməsinə icazə verəcək. "Olaylar"ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə qeyd edilib ki, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək. Bundan başqa, qəbul edən dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır. Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.