Paşinyanın "itilənməsi", Moskva-Brüssel rəqabətində Mişel və Əliyevlə bağlı iki həlledici amil - Aydın Quliyev yazır....

Minsk Qrupunun 30 illik səmərəsiz və nəticəsiz,əslində əsəb üstündə oyun qaydalarına uyğun danışıqlarından daha çətini hazırda Moskva ya Brüssel adlandırılan platformalarda gedir. Lakin bir böyük fərqlə-həmsədrlərin 30 illik danışıqları nəticəsiz getdiyi halda,hazırkı müzakirələrin konkret nəticələrindən danışmaq mümkündür. Bundan başqa, 30 il səmərəsiz getmiş danışıqlar prosesinin nə öz içində, nə də ondan kənarda heç bir alternativ təzahürü  yox idi,elə bu səbəbdən həmsədrlərin himayə etdiyi danışıqlar prosesi qapı-bacası bağlı inhisara alınmış proses idi. Bu nöqteyi -nəzərdən hazırkı Azərbaycan-Ermənistan danışlqlarının içində alternativlik elementləri getdikcə daha çox üzə çıxmağa başlayır ki, bu da indiki vəziyyəti ötən illərin acı danışıqlar praktikasından həm fərqləndirir, həm də açıq deyək ki, alternativlik şəraitində prosesin nəticəyönümlülük potensialını xeyli artırır. Alternativlik deyəndə  hazırda Azərbaycan-Ermənistan normallaşması üzrə Moskvada və Brüsseldə bir neçə mərhələdə aparılmaqda olan müxtəlif istiqamətli danışıqlar nəzərdə tutulur. İndiyə qədər hər iki paytaxtda aparılmış danışıqların bir-birinə alternativlik əlamətləri o qədər görünmürdü. Hətta çox hallarda onların bir-birinə alternativ olduğu ört-basdır da edilirdi. Lakin Brüsseldə  Mişelin vasitəçiliyi ilə sonuncu Əliyev-Paşinyan görüşündən azacıq əvvəl Rusiya XİN məmuru Mariya Zaxarovanın məlum sözləri Moskva və Brüssel formatlarının bir-birinə alternativ və ya əks platformalara çevrildiyinə heç bir şübhə yeri qoymadı. Zaxarova Brüsselin təşəbbüslərini açıq şəkildə "psevdo"adlandırdı, hətta müqayisə apardı ki, Moskva nəticəyə yönəlik vasitəçilik edir, Brüssel isə geosiyasi məqsəd güdərək Moskvanı qabaqlamağa çalışır. Fikrimizcə,əlavə şərhə ehtiyac yoxdur və hər kəs qəbul etməlidir ki, Azərbaycan-Ermənistan normallaşmasında Moskva və Brüssel formatları daha əsla bir-birini tamamlayan müstəvilər ola bilməz, daim bir-birinə mane olmağa, neytrallaşdırmağa çalışacaqlar. Yazının əvvəlində məhz bu məqama görə xüsusi vurğulamağı lazım bilmişdim ki, indi ötənlərdəkindən daha çətin və mürəkkəb şərtlərlə danışıqlar gedir. Ötənlərdə hədəf Dağlıq Qarabağ münaqişəsinin həlli idi, indi hədəf müharibəsonrası reallıqlar üstündə Azərbaycan-Ermənistan normallaşmasına nail olmaqdır. Ötənlərdə münaqişənin həllində Rusiyanın və Qərbin mövqeləri üst-üstə düşürdü, hazırkı normallaşma prisesinə yanaşmalarda isə Avropanın  və Rusiyanın mövqeləri fərqlidir.

Göründüyü  kimi, 31 avqust tarixli Brüssel danışıqlarında konkret nəticələrə ulaşmaq o qədər də asan məsələ olmayıb. Əldə olunmuş Brüssel razılaşmalarının gələcəkdə necə icra ediləcəyini, Rusiyanın bu formatda irəliləyişləri necə qəbul və həzm edəcəyini bir kənara qoyaq. Elə bu konkret razılaşmaların əldə edilməsi olduqca böyük nəticədir və Paşinyanın bu görüşdən əvvəlki həftədə Putinlə iki dəfə telefonla danışması çox şey deyir. Paşinyan  öncədən itiləndi. Moskvada yaxşı bilirdilər ki, Əliyev aydın prinsiplərə söykənir, bu prinsiplər Mişel  tərəfindən də real və şəraitə uyğun dəyərləndirildiyi üçün Paşinyan Brüsseldə çətinliklə üzləşəcək. Heç şübhə yoxdur ki, rəsmi Moskva Paşinyanı öncədən Brüsseldə hər cür konkret razılaşmalardan mümkün qədər uzaq durmağa hazırlamışdı, lakin onu anti-Brüssel əhvalda nə qədər kökləsələr də Əliyevin prinsipləri və onun pozision olaraq Mişellə  yaxşı anlaşması itilənmiş Paşinyanı kəsərdən sala bildi. Artıq qeyri-rəsmi informasiyalar da Paşinyanın bəzi konkret razılaşmalara necə müqavimət göstərmək istədiyini təsdiqləyir.

Xatırlamaq lazımdır ki,hələ 2021-ci ilin 9 və 15 noyabrında Brüsseldə keçirilməsi planlaşdırılmış görüşdən Paşinyanı necə yayındırdılar və noyabrın 29-da Paşinyan Soçidə  təlim-tələsik Putin tərəfindən nəticəsiz qəbul edildi. Beləliklə ,Mişelin vasitəçiliyi ilə 16 dekabr 2021-ci il  Brüssel görüşündən qabaq nəyin bahasına olursa olsun, "Moskva görüşü olmalıdır" kimi hədəfi əslində formal olaraq vurdular.

31 avqust Brüssel görüşündən əvvəl telefonda iki dəfə Putin-Paşinyan danışığı da eynilə 2021-ci ildəki kimi təhlükəni qabaqlamaq məqsədi güdürdü. Lakin gözləntilərin əksinə olaraq konkret razılaşmalar əldə edildi və bu nəticə Əliyevin prinsipləri ilə Mişel-Əliyev uzlaşması kimi iki faktorun sayəsində baş verdi. Beləliklə, Brüsseldə hansı konkret razılaşmaları önəmli saymaq lazımdır?

Əvvala,delimitasiya üzrə işçi qrupların növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılaşma rəsmi Brüsselin bu prosesi Moskvanın inhisarına buraxmamaq istəyindən xəbər verir. Həm də Brüssel anlayır ki ,bu proses Moskvanın meydançasında olanda ləngiyir. Belə ki ,ilk görüş bu il mayın 24-də Arazdəyəndə keçirildiyi halda,ikinci Moskva görüşü 3 ay sonra keçirildi. Onsuz da uzun bir müddət aparacaq sərhəd danışıqlarının etapları arasında ləngidici fasilələrin Brüsseli narahat etdiyi ortadadır. Əslində sərhəd komissiyalarının növbəti görüşünün Brüsselə salınması heç də kiçik nəticə deyil və bunun üçün Azərbaycan prezidentinin az səylər qoymadığı ədalət xatirinə qeyd edilməlidir. Sərhəd müzakirələri həm də Brüsselin meydançasına keçirilirsə,deməli Moskva bu məsələdə tək söz və ya meydan sahibi olmayacaq. Razılaşaq ki, heç Moskva da, bəlkə Yerevan da bunu öncədən istəmirdilər. Bu, Azərbaycan diplomatiyasının son Brüssel formatında iri  qələbələrindən biri  sayıla bilər.

İkinci, Avropa prezidenti Ş.Mişel üçtərəfli formatda noyabrın sonlarında yeni görüşü razılaşdırmaqla Brüssel formatına bəlli sonluğadək daimi xarakter vermək niyyətini ortaya qoyur ki, bu da Azərbaycanın prinsiplərinə tam uyğundur. Çünki sülh prosesinin Brüssel formatında möhkəmlənməsi Minsk Qrupu,Həmsədrlər, Dağlıq Qarabağ münaqişəsi kimi köhnəlmiş terminlərin siyasi-diplomatik leksikondan tam silinib getməsi deməkdir. Zatən Avropa rəhbərliyi də həm Brüssel formatının legitimləşməsində, həm də köhnəlmiş terminlərin ritorikanı tərk etməsində maraqlıdır. Məhz buna görədir ki, Mişel mətbuat açıqlamasında münaqişə, Dağlıq Qarabağ, Minsk Qrupu kimi ifadələri bir dəfə də işlətmədi. Bu çox prinsipial əhəmiyyətli məsələdir.

Üçüncü, bu ay XİN başçılarının görüşü barədə konkret məsələ də əhəmiyyətlidir. Mişelin bu görüşün təşkili barədə "tərəflərə tapşırıq verildi"ifadəsi təsadüf deyil və Avropada Azərbaycan-Ermənistan sülh sazişi məsələsinə xüsusi önəm verildiyini göstərir. Məlumdur ki, sülh sazişi üzrə nazirlər səviyyəsində danışıqlar ideyası Avropa birliyinə məxsusdur və ilk dəfə olaraq Mişelin vasitəçiliyi ilə 22 mayda əldə olunmuş razılaşma əsasında ötən ay Tiflisdə iki nazir görüşdü. Doğrudur, bu görüşdə konkret qərar verilmədi. Lakin iki nazirin vasitəçilərsiz görüşü dünyanın, xüsusən də Avropanın  diqqətini çəkən hadisəyə çevrildi. Təsadüf deyil, çünki vasitəçilərsiz təmaslar hər şeydən əvvəl Moskvanın vasitəçiliyindən çıxmağa doğru bir addımdır. Odur ki, Şarl Mişel XİN başçılarının ikitərəfli grüşünü təşviq etməklə sülh sazişinin hazırlanma prosesini sürətləndirmək istəyir ki, bu da Azərbaycanın mənafelərinə tam cavab verir. Məsələnin başqa əhəmiyyətli tərəfi bir də odur ki,Avropa birliyi rəsmisi sülh prosesini təşviq etməklə həm də İlham Əliyevin 5 sülh prinsipini dəstəklədiyini nümayiş etdirir. Beləliklə, Azərbaycanın prinsipləri çərçivəsində sazış mətninin dəstəklənməsi Brüssel görüşünün mühüm nəticələrindən biri kimi qəbul edilə bilər.
   

Noyabra qədər maraqlı proseslərin şərti iki ustiqamətini izləməyə dəyər. Əvvala, Mişelin şahidlik etdiyi razılaşmaların necə icra ediləcəyi maraqlıdır.

İkinci,Moskvanın artıq öncədən "geosiyasi rəqabət"adlandırdığı prosesi neytrallaşdırmaq üçün hansı addımları atacağıdır....

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31