Azərbaycanın növbəti diplomatik zəfəri

Sülh müqaviləsi Bakının irəli sürdüyü prinsiplər əsasında qurulacaq

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördünü görüş bir sıra parametrlər baxımından Azərbaycan üçün məqbul hesab edilir. Belə ki, erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Brüsseldə İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Əsas məsələ ondan ibarətdir ki, danışıqlar və əldə edilən razılaşmalar Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə söykənir. Başqa sözlə, yekun sənəddə  Qarabağ mövzusu və ATƏT-in Minsk Qrupu məsələsinə toxunulmur. Əvəzində tərəflər sülh sazişi mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qruplarının yaradılması barədə razılığa gəliblər.

Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, bundan öncə də Brüsseldə eyni anlaşma əldə olunmuşdu, lakin İrəvan heç bir praktiki addım atmadı. İndi məsələ yenidən gündəmdədir. Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir: Yekun bəyanat deməyə əsas verir ki, Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır. Postmünaqişə reallığı Avropa İttifaqı tərəfindən qəbul olunur və bu, Qərbdə "Minsk qrupu"nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir. Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir. Düzdür, tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq, lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın "çıxış yolu" axtarışını nəticəsiz edir".

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Rezpublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördünü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar: "Önəmli olan məqamlardan biri və bəlkə də birincisi, bir ay müddətində hər iki ölkənin Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunmasıdır. Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın sülh sazişindən yayınmaq, eləcə də "münaqişənin həll olunmadığı" kimi reallığı əks etdirməyən iddialarını əsaslandırmaq üçün sərgilədiyi davranışları, Cənubi Qafqazı yenidən maraqlarının poliqonuna çevirmək istəyən və bu məqsədlə sülh prosesinə zərbə vurmağa çalışan  regional və regiondankənar aktorların çoxsaylı pozucu cəhdlərini də nəzərə alsaq, dördüncü görüşün gözləntiləri üstələdiyini söyləyə bilərik. Bu xüsusda, separatçı-terrorçu qrupların, qanunsuz hərbi birləşmələrin təxribatları qarşılığında həyata keçirilən "Qisas" əməliyyatının doğurduğu nəticələri, artıq tarixə çevrilmiş "Laçın dəhlizi" ətrafında həm Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində, həm Ermənistanın daxilində, həm də regional və subregional müstəvidə yaradılan ajiotajı, bölgə üçün həyati əhəmiyyət kəsb edən "Zəngəzir dəhlizi" ilə bağlı qıcıqlandırıcı manevrləri, ATƏT-in ömrünü başa vurmuş "Minsk qrupu"nun "dirildilməsi" cəhdlərini diqqətdən qaçırmamağın vacib olduğunu düşünürəm. Çünki sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların "0" nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün bu cəhdlər, məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğrayıb və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaradıb".

Onun sözlərinə görə, ikitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə "Qarabağ", nə də "ATƏT-in Minsk qrupu" ilə bağlı hər hansı bir məqam yer almayıb: "Yəni mahiyyət etibarilə, "Minsk Qrupu" formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, "Qarabağ" mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir. Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharubəsində itkin düşən Azərbaycan vətəndaşları ilə bağlı məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, mövcud atmosferin  formalaşmasında Avropa İttifaqı Şurasının Prezidentinin səylərini də yükdək qiymətləndirmək lazımdır".

Onu da qeyd edək ki, Brüssel danışıqlarında əldə olunan nəticələr deməyə əsas verir ki,  Minsk Qrupunun formatı məhv oldu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik  formatı var. Artıq Minsk qrupu çərçivəsində Azərbaycanın daxili işi olan Qarabağ mövzusu müzakirə edilmir. Gözləninlən sülh müqaviləsi isə Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq. Etiraf edək ki, Brüssel görüşündə əldə olunan razılaşmalar bu, Azərbaycanın növbəti diplomatk zəfəri kimi qəbul edilməlidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31