Rəsmi İrəvan sülh sazişini imzalamasa...

Azərbaycan öz ərazilərinin azad edilməsi istiqamətində lazımi addımları ata bilər

Rəsmi Bakı Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin və sərhədin müəyyənləşməsi üzrə milli komissiyanın tərkibini müəyyən edib. Və ən əhəmiyyətli məqam Prezident İlham Əliyevin "Bakı-İrəvan" formatı üzərində dayanmasıdır. İndi növbə İrəvandadır. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Putinlə görüşdən sonra "status"un arxa plana keçdiyi ilə bağlı mövqeyini təkrarladı və sülhün vacibliyini qeyd etdi. Bu, Moskvada ciddi korrektlərin olmadığı ehtimalını önə çıxarır. Bununla yanaşı, Şarl Mişelin Putinlə müzakirəsi, ardınca Paşinyan və Əliyevə zəng etməsi Avropa İttifaqının Brüssel razılaşmasının icrasında israrlı olduğunu göstərir. Siyasi icmalçı Asif Nərimanlı

hesab edir ki, əslində Rusiya Qərblə açıq qarşıdurma aparsa da, Cənubi Qafqazda Avropa İttifaqı ilə paralel işləməkdə maraqlı ola bilər. Ötən il  Brüsselin prosesə qoşulması da Moskvanın marağına uyğun idi: "Paşinyan üçün əsas çətinliklərdən biri daxildəki vəziyyətdir. Hərçənd, müxalifətin istəyinə nail olacağı ehtimalı zəifdir. Daxili təzyiqlərdən yayınmaq məqsədilə Ermənistanın diversiya qrupu dövlət sərhədini Zəngilan rayonu istiqamətində pozmağa cəhd edib. Hərçənd Paşinyanın Moskva səfərindən sonra belə təxribat gözlənilən idi. Brüssel və Paşinyan-Putin görüşündə sərhədin delimitasiyası ilə bağlı eyni mövqe sərgiləndi. Qərb masasında birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması razılaşdırıldı, Rusiyada da prosesin tezləşdirilməsi məsələsi ön planda idi". Onun bildirdiyinə görə,  Qərb və Rusiyanın "vasitəçilik" üzərində yarışı müşahidə olunsa da, hər iki tərəfdən çıxacaq nəticə İrəvanın istəyinə uyğun deyil: "İstisna deyil ki, sərhədin delimitasiyası Rusiyada mövcud olan xəritələr əsasında və Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək. İki məqam bu ehtimalı gücləndirir. Birincisi, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına-Rusiyanın vasitəçiliyinə istinad edilir. İkincisi, Şarl Mişelin Putinə zənginə dair məlumatda tərəflərin üçtərəfli bəyanatların icrasını müzakirə etdiyi qeyd olunur. Mişel və Putinin sərhəd məsələsinin birgə həllinə razılaşdığı mümkündür, ardınca Mişelin Paşinyan və Əliyevə zəng etməsi, Bakının sülh sazişi və sərhədlə bağlı komissiyanın tərkibini müəyyənləşdirməsi də ortaq fikrin olduğu versiyasını önə çıxarır. Rəsmi İrəvan isə sərhədlə bağlı "güzgü prinsipi"nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir. Bu, Azərbaycan Ordusu müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi ilə ermənilərə verilən ərazilərin, o cümlədən, anklavların Ermənistanda qalması deməkdir. Bunu Bakının qəbul etməməsi ilə yanaşı, sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil. Brüssel və Moskvada prosesin tezləşdirilməsi istəyi də Ermənistanın istəyinin masada olmadığı deməkdir. Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir. Burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir. Və bu, o versiyanı önə çıxarır ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır. Hərçənd, yuxarıda qeyd etdiyimiz məqamlar-Brüsseldə sərhəd razılaşmasının Soçi bəyanatına əsaslanması, Mişellə Putinin müzakirələri bu ehtimala dair suallar yaradır. O da istisna deyil ki, Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi Bakı və Moskvanı üz-üzə qoymaq, bununla istəklərinə Rusiyadan dəstək əldə etmək, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirmək gedişidir. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də diqqəti bu amilə yönəldir. Zəngilanda erməni diversant Matirosov Eduard Arturoviçin saxlanması   Bakıya imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozduğu məsələsini qaldırsın və Ermənistanı razılaşmanın icrasına məcbur edəcək addımlar üçün əlindəki faktdan əsas olaraq istifadə etisin".

A.Nərimanlı qeyd edib ki, Prezident İlham Əliyev Dünya Azərbayanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı Ermənistanla bağlı iki mesaj verdi. Birincisi, "biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik" deməklə sülh sazişi üzrə təqdim edilən 5 prinsipin dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi. Bu, İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə də ünvanlanıb. İkincisi, İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək: "Beləliklə, Azərbaycan Ermənistana atacağı addımları rəsmi şəkildə elan etmiş oldu. Bu, Bakının siyasi gedişidir, hərçənd "İrəvan sülh sazişini qəbul etməsə, proseslər hansı istiqamətdə davam edə bilər" sualını da aktuallaşdırır. XX əsrin əvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib və Əliyev "rəsmi şəkildə bəyan edəcəyik" dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur: çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir. SSRİ dağıldıqdan sonra Ermənistan bu ərazilərlə birlikdə BMT-də daxil olub və dünyada BMT üzərindən qurulan mövcud sistem dəyişmədiyi müddətdə, bunu dəyişmək çətindir, lakin Bakı tarixi torpaqlarımıza iddianı rəsmiləşdirməklə, Ermənistanın Qarabağa iddiasına qarşı adekvat gediş edə bilər. Prezidentin "biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik" sözlərindən sonra qeyd etdiyi "İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq" sözləri xüsusilə diqqət çəkir: İ.Əliyev bununla "Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız" məsələsinin sadəcə sözlə yekunlaşmayacağının, Zəngəzur uğrunda mübarizənin başlayacağının da mesajını verir. Rəsmi İrəvan sülh sazişini imzalamasa, Azərbaycan bu ərazilərin azad edilməsi istiqamətində müəyyən addımları ata bilər.Və sülh sazişindən, sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən Əliyev "Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi" sözləri ilə ermənilərin yaşadığı, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31