Azərbaycan qarşıya qoyduğu bütün hədəfləri yerinə yetirməkdə maraqlıdır

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev birinci rübün yekunları ilə bağlı müşavirədə bir sıra mühüm məsələlərə toxundu. O cümlədən, ATƏT-in Minsk qrupu ilə bağlı yaranmış vəziyyətlə bağlı da fikirlərini səsləndirdi. Nəzərə almaq lazımdır ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da bildirmişdir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Fransa və ABŞ Rusiya ilə birlikdə Qarabağ problematikası üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlarda iştirak etmək istəmir və bu səbəblər də hər kəsə məlumdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində bu formatda keçirilən danışıqlar heç bir nəticə vermədi və danışıqların əməli praktiki nəticə verməməsi təbii ki status-kvonun qorunmasına və işğal faktının aradan qaldırılmamasına xidmət edirdi. Bu da ilk növbədə Ermənistana sərf edir. Ermənistan öz işğalçılıq planlarını daha da genişləndirir, Azərbaycanın digər ərazilərinə təcavüz etmək niyyətlərini açıq-aşkar şəkildə bəyan edirdilər. 
2020-ci ilin payızında Azərbaycan öz iqtisadi qüdrəti, müzəffər ordusu ilə tarixi ədaləti, beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik şurasının məlum qətnamələrini özü yerinə yetirdi və bundan sonra regionda yeni geosiyasi mənzərə formalaşdı. Münaqişənin həll olunmasından sonra ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutu humanitar əsaslı problemlərin həllində yardımçı ola bilərdilər. Münaqişənin fəsadlarının aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi və Birinci Qarabağ müharibəsi yekunlarının müəyyənləşməsi ilə bağlı olaraq 4000-ə yaxın soydaşımızın aqibətinin müəyyənləşməsi istiqamətində fəaliyyət həyata keçirdə bilərdilər. Lakin ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutunun Rusiyanın vasitəsilə keçirilən danışıqlar, eləcə də ötən ilin sonlarında formalaşan Brüssel formatı əvəzləyə bildi. Humanitar əsaslı problemlər də bu danışıqlar formatında müzakirə edilir və öz həllini tapırdı. Bu baxımdan ATƏT-in Minsk qrupu Həmsədrlik İnstitutu tam şəkildə ləğv olunmasa da, onu əvəzləyən digər formatlar müəyyənləşdi. Ümumiyyətlə biz beynəlxalq münasibətlər sisteminə baxanda görürük ki, hər hansısa bir institut təsisat ləğv olunmur, lakin onu yavaş-yavaş digər hansısa bir formatlar, qurumlar əvəz edir.
Bu baxımdan məhz Rusiya ilə yanaşı olaraq Brüssel formatının yaranması, Avropa İttifaqının regiona marağı, Azərbaycanın karbohidrogen ehtiyatları, Avropa İttifaqının enerjidən olan asılılığı digər geosiyasi reallıqlar ilə birlikdə həm də yeni bir mənzərəni yaradırdı.
2021-ci ilin 14 dekabr tarixində Brüsseldə keçirilən görüş öz müsbət siyasi nəticələri ilə yadda qaldı və bu sülh gündəliyinin davamı olaraq cari ilin aprelin 6-da Ermənistan baş naziri və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən görüş də bir sıra öhdəliklərlə yadda qaldı. Bu baxımdan Ermənistan üzərinə götürdüyü öhdəliklər də xüsusi diqqət çəkir. Belə ki, aprel ayının sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərarası komissiyası çağırılacaq və onun mandatı müəyyənləşdirilməlidir. Digər tərəfdən Xarici İşlər Nazirliklərinə tapşırılıb ki, sülh müqaviləsini hazırlasınlar və ali səviyyədə imzalamaq üçün təqdim olunsun. Bu yeni bir mənzərə olmaqla yanaşı, Azərbaycanın milli maraqları kontekstində həll olunan bir formatdır. Eyni zamanda ATƏT-in Minsk qrupu ilə mənasız danışıqların keçirilməsi, danışıqların immitasiya xarakter daşıması da heç bir nəticəyə yönəlməyib. ATƏT ilə bağlı ölkə ictimaiyyətində neqativ fikirlər hökm sürür və turist diplomatiyasının müxtəlif növlərindən istifadə edən həmsədrlər artıq regionda görünməyəcəklər. Lakin Şarli Mişelin moderatorluğu ilə keçirilən görüşlər sülhün bərqərar olunmasına, Cənubi Qafqazda təhlükəsizlik mühitinin güclənməsinə və ali siyasi liderlər arasında dialoqun inkişaf etdirilməsinə yönəlib. Bu baxımından Brüssel formatı unikaldır və düşünürəm ki, Brüssel formatında keçirilən danışıqlarda Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə bu formatın nə qədər uğurlu olduğunu göstərməlidir. Bu Ermənistanın həm də öhdəlikləridir. Dəfələrlə biz 10 noyabr bəyanatından sonra keçirilmiş müxtəlif görüşlərdə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini görmüşük və bu danışıqların üzərindən xətt çəkilməsi deməkdir. Lakin məhz Brüssel formatında keçirilən görüşlərdən sonra Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan arasında telefon danışığının baş tutması da göstərir ki, Brüssel formatına uyğun olaraq sülh gündəliyi XİN başçıları səviyyəsində davam etdirilir. Eyni zamanda həm də baş nazir və prezident arasında keçirilmiş görüşlər ilə yanaşı Xarici İşlər Nazirlikləri də bu prosesin içində iştirak edirlər.
Digər yeni bir müsbət addım Azərbaycan prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş nazirinin şəxsi nümayəndələri səviyyəsində də təmasların davam etdirilməsi, müzakirələrin genişləndirilməsi müşahidə olunur. Bu isə müxtəlif səviyyələrdə Azərbaycan və Ermənistan təmaslarını ehtiva edir və düşünürəm ki, bu təmaslar məhz sülhün yaradılmasına, ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, eləcə də, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına xidmət edir. Azərbaycan və İran arasında imzalanmış anlaşma memorandumu da göstərdi ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəfləri yerinə yetirməkdə maraqlıdır. Ermənistan da əgər regionda qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməsə, Azərbaycanın ərazi bütövlüyünü tanısa və sərhədlərimizin toxunulmazlığı kontekstində münasibətlərin qurulmasına maraqlı olsa, onda Cənubi Qafqazda sülhün dayanıqlığı bir qədər də möhkəmlənər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31