Minsk Qrupunun sıradan çıxması problemin bitməsi deməkdirmi?
16 Aprel 2022 10:06 SiyasətPolitoloq Zaur Məmmədov: "Azərbaycan Minsk Qrupunun ölü qurum olduğunu çoxdan isbat edib və münaqişəni öz gücü ilə aradan qaldırıb. İndiki prosesləri də öz gücü ilə yönləndirə bilir"
44 günlük müharibənin bitməsindən və 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli sazişin imzalanmasından sonra Azərbaycan beynəlxalq təşkilatlarla öz təmaslarını, fəal əməkdaşlığını davam etdirib. Prezident İlham Əliyev bu il aprelin 12-də keçirdiyi müşavirədə bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları, yəni, Azərbaycanın qalib olması faktını qəbul ediblər: "BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilməsi çox əlamətdar hadisə oldu və bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. ATƏT də yeni reallıqları tam qəbul edib. Qarşıdan gələn dövrdə ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi vətəndaş cəmiyyəti, media nümayəndələri, digər ictimai rəyə nüfuz edə bilən şəxslər vasitəsilə bu format çərçivəsində Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması üçün öz rolunu oynaya bilər . Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. ATƏT-in Minsk Qrupu, onun həmsədrlər formatı isə qeyri-funksional vəziyyətdədir və hər hansı qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz". Prezident qeyd edib ki, Azərbaycan Ermənistana əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi bu təklifə müsbət yanaşıb.
Deyilənlərdən belə nəticə çıxırmaq olarmı ki, Azərbaycanın ərazi bütövlüyü istisnasız olaraq qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir? Proseslərin davamı bu qənaəti möhkəmləndirir. 2022-ci il aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticəsi olaraq iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı təmaslar intensivləşir və proses sürətlə yekunlaşa bilər.
Amma buna rəğmən, bəzən anlaşmayan, ümumi mənzərə ilə uyuşmayan məqamlar da ortaya çıxır. Məsələn, bir müddət əvvəl Rusiya tərəfi bəyan etmişdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində dəyandırıblar. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq.
Buna rəğmən, ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeylerin İrəvana səfər ətrafında elə rəy formalaşdırıldı ki, sanki MQ yenidən proseslərə müdaxilə edir. Ermənistan rəsmiləri və KİV-ləri onu "MQ həmsədri" kimi təqdim etdilər.
Düzdür, Azərbaycan mediası araşdırma aparıb üzə çıxardı ki, Rokfeyl İrəvana "MQ həmsədri" kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib. Amma bu, ortada olan sualları tam aradan qaldırmır. Əgər rəsmi İrəvan Azərbaycanın qalibiyyəti, MQ-nin sıradan çıxması iə razılaşıb ikitərəfli danışıqlara başlayırsa, onda belə çaşdırıcı məlumatlar nə üçün yayılır?
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov məsələni "OLAYLAR.az"-a şərh edərək bildirib ki, ATƏT-in Minsk Qrupunun ölü bir qurum olduğunu Azərbaycan xeyli müddət öncə sübuta yetirib: "Lakin, nədənsə nə Ermənistan, nə də ki, Minsk Qrupunu təmsil edən dövlətlər bununla razılaşmırdılar. Guya ki, Qarabağın hansısa statusunu həll etməli idi. Zaman onu göstərdi ki, doğrudan da bu ölü qurumdu. 30 il ərzində heç bir təklif vermədi və vaxt uzatmaqla məşğul oldu. MQ indi rəsmi olaraq artıq Rusiya və Fransa tərəfindən də suquta uğradıldı. Dünən Rusiya XİN MQ formatından uzaqlaşaraq Azərbaycan və Ermənistan arasında sülh yaratma prosesi üçün xüsusi nümayəndə olan İqor Xavyayevi təyin etdi. Bu onun göstəricisidir ki, artıq bu formatda bir-birinə düşmən olan və faktiki olaraq Ukraynada bir-birinə qarşı müharibə aparan Rusiya, ABŞ və Fransa arasında heç bir dialoqdan söhbət gedə bilməz. Əlbətdə ki, bu Cənubi Qafqazdakı proseslərə xələl gətirə bilər. İdeal variant bu olardı ki, hər 3 ölkələrin xüsusi nümayəndələri Cənubi Qafqazda baş verən müxtəlif proseslərlə məşğul ola bilsinlər. Amma fərq etməz. Bu gün Azərbaycan öz daxilində olan digər məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də nə ATƏT-in Minsk Qrupu formatı çərcivəsində, nə də ki, digər formatlar çərcivəsində hər hansı bir platformada müzakirə etmək fikrində deyil. Qarabağın Dağlıq hissəsində yaşayan ermənilər, orada baş verən bu günki proseslər Azərbaycanın daxili işidir və yanlız 3 tərəfli bəyanatda olan yekun müddialların yerinə yetirilməsinə məsuliyyət daşıyan tərəflər arasında müzakirə predmeti ola bilər".
Politoloq deyir ki, üçtərəfli bəyannamədə hər şey aydın yazılıb: "Erməni hərbi birləşmələri və süıhməramlılar bölgəni tərk edəcəklər və erməni əhalinin inteqrasiyasının növbəti mərhələsi başlayacaq. Azərbaycan indi qalib dövlət olaraq şərtləri özü diqtə edir. Kimin nə deməsindən asılı olamayaraq, prosesi özü yürüdür və uğurla başa çatdıracaq".
Nəsimi Ələsgərli