Vətəndaş cəmiyyəti və QHT-lər dövlətin idarə olunmasında mühüm atributa çevrilib
14 Aprel 2022 15:34 Siyasətİstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Müstəqillik illərindən sonra ölkədə müsbət istiqamətdə inkişaf edən tendensiyalardan biri də vətəndaş cəmiyyətinin formalaşması, dövlətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması oldu. Düzdür, ilk illərdə bu proses bir qədər çətin inkişaf etsə də, bu gün demək olar ki, vətəndaş cəmiyyəti ilə dövlət arasında sıx münasibət, qarşılıqlı əməkdaşlıq mövcuddur. Bu da ondan irəli gəlir ki, dövlət ölkədə vətəndaş cəmiyyətinin inkişaf etməsində daha çox maraqlı görünür və bu istiqamətdə müvafiq addımlar atır. Elə Dövlət və QHT münasibətləri üzrə Qlazqo Universitetinin proqram məzunu Vüqar Əhmədov da bu qənaətdədir. O bildirib ki, vətəndaş cəmiyyəti və QHT-lər bu gün dövlətin idarə olunmasında mühüm atributa çevrilib: "Ölkə həyatının əksər sahələrində QHT-lər fəal şəkildə iştirak edir, dövlət qurumları ilə geniş şəkildə əməkdaşlıq mövcuddur. Əslində dünya təcrübəsində vətəndaş cəmiyyəti sektoru dövlət idarəetməsinin tərkib hissəsi olub dövlətin idarə edilməsində yaxından iştirak edir. Azərbaycanda vətəndaş cəmiyyətinə, QHT sektoruna münasibət əvvəlki illərdə birmənalı olmayıb. Çünki bu daha çox xaricdən ölkəmizə gələn yeni dəyər kimi anlaşılırdı. Lakin bu stereotip tədricən aradan qalxmağa başladı. Xüsusən ölkə Prezidentinin ictimai nəzarət məsələsini dəfələrlə vurğulaması və vətəndaş cəmiyyətinin həm də dövlət idarəetməsi üzərində bir nəzarət mexanizmi kimi göstərməsi bu sektora münasibəti köklü şəkildə dəyişmiş oldu".

Vüqar Əhmədov qeyd edib ki, QHT-lər ölkədə mövcud olan problemlərin həllində yaxından iştirak etməklə bərabər, ictimai nəzarətin güclənməsində də fəal rol oynayırlar: "İctimai iştirakçılıq bu gün cəmiyyətin inkişafında, ölkədə olan problemlərin ictimailəşdirilməsi və həlli, o cümlədən müxtəlif sahələrin inkişafı baxımından mühüm mezanizmə çevrilmişdir. Məhz içtimai iştirakçılıq sayəsində bir çox dövlət qurumlarında elektron hökumət, vətəndaş xidmətinin yüksəldilməsi, vətəndaşın qəbul olunan dövlət qərarlarından birbaşa məlumatlı olmasına əsas yaratmışdır. Bu gün ictimai rezonans doğuran istənilən məsələyə dövlət tərəfindən dərhal reaksiya verilir və məsələ nəzarətə götürülür. Vətəndaşların sosial müdafiəsi, korrupsiya və qanun pozuntularının aradan qaldırılmasında son dövrlər QHT-lər böyük fəallıq göstərirlər. Ölkənin ictimai və siyasi həyatında QHT-lərin və siyasi partiyaların rolu getdikcə artmaqdadır. Bunu son dövrlər dövlət qurumlarında QHT və siyasi partiyalarla bağlı ayrıca strukturların yaradılması da təsdiq edir. Bu faktı ölkədə vətəndaş cəmiyyətinin və siyasi partiyaların sərbəst şəkildə fəaliyyət göstərməsi üçün nümayiş etdirilən siyasi iradə də adlandırmaq olar. Bununla dövlət vətəndaş cəmiyyətini və siyasi partiyaları dövlətin idarə edilməsinə yaxından cəlb etmək istəyir. Bu gün ən mütərəqqi və proqressiv ideyalar, fikirlər və təkliflər QHT sektoru təmsilçilərindən gəlir və təbii ki, dövlət bu ideyalardan bəhrələnir və idarəetmədə geniş tətbiq edir. Bu QHT-lərin cəmiyyətdə beyin mərkəzinə çevrilməsindən xəbər verir".
Vüqar Əhmədov diqqətə çatdırıb ki, ötən illərlə müqayisədə siyasi partiyaların parlamentdə iştirakı artıb: "Bu ondan xəbər verir ki, hansısa daxili məqamlarda fikir ayrılığı olsa belə, dövlət maraqlarının müdafiəsində və xarici siyasətdə həm hökumət, həm də vətəndaş cəmiyyəti və siyasi partiyalar vahid mövqedən çıxış edir. Bunu 44 günlük vətən müharibəsi də sübut etmiş oldu. Azərbaycanın milli maraqları ətrafında siyasi mövqeyindən aslı olmayaraq ölkədə bütün qüvvələr, vətəndaş cəmiyyəti və siyasi partiyalar səfərbər oldular və ölkə başçısının və ordunun dəstəkçisi oldular. Bu faktın özü belə qərb ölkələrində gec-gec rast gəlinən bir haldır, çünki hətta vətəndaş cəmiyyətinin ən inkişaf etmiş ölkələrində belə milli maraqlar ətrafında nadir hallarda dövlət və qeyri-dövlət sektoru bir araya gələ bilir. Azərbaycanın siyasi palitrası bu gün çox zənginləşibdir. Əgər əvvəllər siyasi partiyalar yalnız iqtidar və müxalifət düşərgəsinə bölünürdüsə, indi cəmiyyətimizdə siyasi plurualizmdən irəli gələrək yeni siyasi cərəyanların və ideologiyaların daşıyıcıları olan siyasi institutlar formalaşmışdır. Bu institutların məqsədi yalnız hakimiyyətə gəlmək deyil, əksinə cəmiyyətdə beyin mərkəzi rolunda çıxış edərək dövlətidarəetməsində yeni konseptual yanaşmalarla çıxış etməkdir. Bu isə ölkədə siyasi systemin daha da zənginləşməsi, sivil siyasi mübarizənin inkişafına təkan verən amillərdəndir. Bundan irəli gələrək Azərbaycanın gələcək siyasi sistemində müxtəlif koloritli siyasi partiyalardan ibarət koalisiyon hökumətin qurulması da istisna edilə bilməz. Təbii ki, bu dövlətidarəetməsi sahəsində keyfiyyətcə yeni bir mərhələ sayıla biləcək".
Natiq onu da qeyd edib ki, bu gün Azərbaycanda dövlət-özəl-vətəndaş cəmiyyəti uğurlu əməkdaşlıq modeli qurulub: "Dövlət və özəl sektor vətəndaş cəmiyyətinin ölkəmiz üçün dəyərini, sosial məsələlərin həllində və milli məsələlərdə, o cümlədən Azərbaycanın milli maraqlarının xarici ölkələrdə qorunması baxımından rolunu getdikcə qəbul etməkdədir. Əgər əvvəllər vətəndaş cəmiyyətinin və QHT-lərin mövcud olan problemlərin həllində dövlət qurumlarından daha çox gözləntiləri olubsa, hazırda bu istiqamətdə vəziyyət dəyişib. Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsində vətəndaş cəmiyyətindən, siyasi partiya və QHT-lərdən gözləntilər əvvəlki illərlə müqayisədə dəfələrlə artmışdır. Yəni bu gün dövlət vətəndaş cəmiyyətindən daha çox fəallıq və fəaliyyət gözləyir. Ölkə rəhbəri cənab İlham Əliyev jurnalistlərlə görüşərkən bu məsələnin üzərində dəfələrlə dayanaraq ictimai nəzarətin, korrupsiya və neqativ hallarla mübarizədə vətəndaş cəmiyyətinə çağırış edib. Vətəndaş cəmiyyətinin digər sektorlardan fərqi ondadır ki, bu subyektlər gəlir güdmür və əsas maraqları cəmiyyətdə şəffaflığa və inkişafa nail olmaqdır. Bir sıra post-sovet ölkələri ilə müqayisədə Azərbaycanda dünyanın aparıcı beynəlxalq təşkilatlarının tam sərbəst fəaliyyət göstərməsi üçün bütün şərait yaradılmışdır. Sözsüz ki, bununla yanaşı dövlət büdcəsindən də vətəndaş cəmiyyəti subyektlərinə maliyyə vəsaiti ayrılır. Şübhəsiz ki, burada məqsəd dünyada hökm sürən iqtisadi böhran fonunda vətəndaş cəmiyyətinin ayaqda qala bilməsinə və inkişafına dəstək olmaqdır. Əminliklə demək olar ki, dövlətin idarə edilməsində hökumətlə yanaşı, qeyri-hökumət sektoru və siyasi partiyalar fəal şəkildə iştirak edir. Elektron idarəetmənin, informasiya məkanının sürətlə virtuallaşdığı bir dönəmdə hökumət məhz dövləti əhəmiyyət kəsb edən qərarların verilməsində ictimai fikri və mövqeyi ciddi çəkildə nəzərə alır. Bu da öz növbəsində vətəndaş iştirakçılığının, ölkənin ictimai və siyasi həyatı ilə bağlı verilən qərarlarda vətəndaş cəmiyyətinin rolunu artırır. Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlətin QHT və vətəndaş cəmiyyəti ilə çox uğurlu əməkdaşlıq modeli qurulmuşdur. Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri əksər dövlət komissiyalarında təmsil olunaraq ictimai və dövlət maraqlarının qorunmasında uğurla çıxış edirlər. Beynəlxalq istiqamətdə də bu əməlkdaşlıq uğurla davam etdirilir. Belə ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq platformalarda hökumət təmsilçiləri və parlament üzvləri ilə yanaşı QHT nümayəndələri də təmsil olunur və Azərbaycan reallıqlarını bu platformalarda gündəmə gətirirlər. Qarabağın yenidən qurulması və mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətlə QHT-lər arasında çox uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycanda son illərdə QHT sektoru o səviyyədə inkişaf mərhələsinə çatmışdır ki, artıq dövlət üçün iqtisadi-sosial, mədəni-humanitar və digər sahələrdə ekspert xidməti göstərmək iqtidarındadır. Qeyri-Hökumət Təşkilatlarında bu sahədə yetərincə maddi-texniki və kadr potensialı formalaşmışdır. Bu reallıqlardan çıxış edərək tam əminliklə demək olar ki, QHT və vətəndaş cəmiyyətinin dövlətçiliyin inkişafında rolu öz müsbət nəticələrini verməkdədir".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir