Xalqın rifahının yaxşılaşdırılması ölkə başçısının siyasətinin əsas istiqamətidir
14 Aprel 2022 13:57 SiyasətCari ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd edib ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir: "Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi - bütün bunlar reallıqlardır". Millət vəkili Vüqar Bayramov qeyd edib ki, qlobal şokların aktiv olmasına baxmayaraq ötən rübdə Azərbaycan iqtisadiyyatı sürətli artım tempini qoruyub saxlaya bilib. Belə ki, birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı isə 10 faizdən çox böyüyüb: "Bu ilin əvvəlində minimum əmək haqqının və eləcə də dövlət sektorunda çalışanların maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə təsirsiniz ötüşməyib. 2022-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub. Muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu ilin ilk 3 ayında ixrac idxalı 5,1 milyard dollar üstələyib və bu da xarici ticarət balansında böyük müsbət saldonun yaranmasına səbəb olub. Sözügedən müddətdə dünya bazarında müşahidə edilən qiymət artımları Azərbaycan istehlak bazarından da təsirsiz ötüşməyib. 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin uyğun dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib. Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib. Bütövlükdə, bu ilin ilk rübünün nəticələri Azərbaycan iqtisadiyyatında artım tendensiyasının davam etdiyindən xəbər verir. 2021-ci ildə ÜDM 5.6 faiz böyümüşdürsə, 2022-ci ilin ilk 3 ayında artım 6.8 faizədək yüksəlib. Bir sıra əsas ticarət tərəfdaşlarımızdakı valyuta qıtlığının müşahidə edilməsi fonunda Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi bu ilk rübünün nəticələrini müsbət qiymətləndirməyə imkan verir".
Dövlət başçısı həmçinin qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır: "Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti milli maraqlara əsaslanmaqla və müasir çağırışlara adekvat olmaqla yanaşı çoxşaxəlidir: "Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini - hədəflərini təşkil edir. Bu strateji kurs həm də sosial məzmunə malikdir - dövlətin öz vətəndaşlarına hərtərəfli dəstək göstərməsini ifadə və ehtiva edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının bütün qərarlarında, imzaladığı fərman və sərəncamlarda dövlətin vətəndaşa hərtərəfli qayğısı aşkar şəkildə görünür. Həssas sosial qruplara - şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına yüksək diqqət də bu baxımdan xüsusi qeyd edilməlidir. Bu kateqoriyadan olan insanların təqaüdünün artırılması, onların fərdi evlərlə, mənzillərlə, nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində davamlı addımlar atılır. Son olaraq isə dövlət başçısının 2022-ci il 11 aprel tarixli Fərmanla "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq etməsi mühüm əhəmiyyətə malikdir. Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Bu, Prezident İlham Əliyevin diqqət və qayğısının daha bir nümunəsi - əyani ifadəsidir. Azərbaycan xalqı dövlət başçısının həssas kateqoriyadan olan şəxslərə qayğıkeş münasibətini yüksək qiymətləndirir, qəbul edilən qərarların, atılan addımların təqdirəlayiq olduğunu qeyd edir. Bu isə ictimai həmrəyliyin - milli birliyin daha da möhkəmlənməsini şərtləndirir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, ötən 3 ay ərzində ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım olub. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub. Azərbaycanın tədiyyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 4 milyard dollar səviyyəsində müsbət saldonun əldə olunmasına səbəb olub. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyyə balansında müsbət dinamikanın yaranmasına gətirib çıxarıb. Ötən dövrdə xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə, qeyri-neft ixracı isə 45 faiz artıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır. A.Hüseynov qeyd edib ki, xarici dövlət borcumuz da azalmaqda davam edir: "Bir neçə il əvvəl xarici borc ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Cəmi bir il ərzində xarici borc təqribən 600 milyon dollardan artıq aşağı salınıb. Bu, həm borclanma ilə bağlı vəziyyətin normallaşması, həm də borcun idarə olunması ilə bağlı yeni strategiyanın tətbiqi ilə bağlıdır. Strategiyaya əsasən, Azərbaycanın maliyyə ehtiyaclarının ən az risk-xərc prinsipi əsasında təmin edilməsi və dövlət borcalmaları üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Hər il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər azalır. Strategiya özünün siqnallarını da verir, yəni ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması təmin edilməsi yaxın 2-3 ildə özünü doğruldacaq". Deputat onu da vurğulayıb ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir: "Azərbaycan hər iki istiqamətdə çox təmkinli və yeni yanaşmalara əsaslanan siyasət yürüdür. Azərbaycan borclanmanın vəziyyətini xarakterizə edən bütün göstəricilərə görə dünya ölkələri arasında ən yaxşı yerlərdən birini tutur".
Alim