Ermənistan mövcud reallıqları qəbul etmək məcburiyyətindədir

Hər yerdən əli üzülən Ermənistan hakimiyyəti artıq regionda yaranmış mövcud reallıqları qəbul etmək məcburiyyətindədir. 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətindən sonra İrəvan imza atdığı üçtərəfli bəyanatlara əməl etməmək üçün bir müddət dirəniş göstərsə də, lakin onun cəhdlərinin əbəs olduğunu görərək artıq Azərbaycanla sülh müqaviləsi barədə ciddi-ciddi düşünməyə başlayıb. Elə ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentindəki çıxışı da məhz bundan xəbər verirdi ki, artıq İrəvan sülhə getməkdən başqa yolunun olmadığının fərqindədir. Bunun isə bir neçə səbəbi var. Ən başlıca səbəblərdən biri Azərbaycanın artıq region deyil, dünyada söz sahibi olması, sözünün keçərliliyi, digər səbəb isə Azərbaycana Avropada ehtiyacın artmasıdır. Rusiya-Ukrayna müharibəsindən sonra şimal qonşumuzun qazından imtina etməyə başlayan qoca qitə üçün regionda Azərbaycan alternativsiz ölkədir. Ona görə də Avropa da Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması, tərəflər arasında əldə edilən razılaşmalara əməl etməsindən yanadır. Elə son Brüssel görüşünün nəticələri də belə deməyə əsas verir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, regionda yaranmış movcud reallıqları qəbul etmək məcburiyyətində qalan Ermənistan Azərbaycanla təmasları intensivləşdirmək və sülh müqaviləsi bağlamaq zorundadır. Çünki İrəvanın başqa yolu yoxdur. Elə baş nazir Nikol Paşinyanın parlamentidəki çıxışı da erməni xalqına Ermənistanın başqa çıxış yolunun olmadığını çatdırmaq məqsədi daşıyırdı. Politoloq deyir ki, baş nazir Nikol Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı: "Birincisi, Paşinyan dedi ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu məsələsində "plankanı aşağı endirməyə" çağırır. Paşinyan bunu deyərkən Türkiyənin adını tələffüz etməyi də unutmayıb: "Bu gün bizə beynəlxalq ictimaiyyəti açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq - tək Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik".  Paşinyan demək istəyib ki, "Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu ermənilərə növbəti dəfə baha başa gələcək". Bu halda Rusiya və bu ölkənin  Ermənistana havayı verdiyi silah da erməniləri xilas edən deyil.

İkincisi, Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı "statusdan" daha vacibdir və bunu ona Brüsseldə bir daha anladıblar: "Bu mövqemiz son Brüssel görüşündə təsbit olunub. Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və haqlar qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və bundan status məsələsi irəli gəlir".

Politoloq qeyd edir ki, Paşinyan radikallardan və Qarabağdakı separatçılardan fərqli olaraq "yalnız müstəqillik" ifadəsini işlətməkdən imtina edib: "Çünki anlayır ki, əks halda Azərbaycanla münasibətlər yenidən gərginləşəcək və növbəti müharibə qaçılmaz olacaq. Bununla Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunun mesajını verib. Üçüncüsü, Paşinyan parlamentdəki çıxışında etirafını da səsləndirib: "Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar". Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar. Dördüncüsü, Paşinyan başqa bir etirafını da səsləndirib: "7 rayonu Azərbaycana təhvil versəydim müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum".

Əlbəttə, Paşinyanın dediyi kimi o münaqişənin həlliylə bağlı "mərhələli həll" planına razılaşsaydı, müharibə olmaz və sülh sazişi imzalanardı. Ancaq nəinki Paşinyan heç bir erməni siyasətçisi Azərbaycan ordusunun gücünü görmədən, itki vermədən qeyd-şərtsiz Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaqdı. Hətta 1990-cı illərin ortalarında "mərhələli həll" planına razılaşan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ermənilərin şərlərinin yerinə yetirilməsi müqabilində cəmi 5 rayonun qaytarılmasına razılaşırdı.  Paşinyan müharibə ilə üzləşməsəydi, bəlkə yenə Şuşaya gedər şərab içib və Azərbaycana acıq verərdi. Ona görə də müharibə labüd idi ki, Paşinyan bugünkü reallığı anlasın və bunu cəmiyyətinə də anlatsın".

Siyası ekspert Kənan Novruzov isə hesab edir ki, region üçün optimal şərait yaranıb və proseslər sülh müqaviləsinə doğru gedir. Onun sözlərinə görə, Paşinyanın Ermənistan parlamentindəki çıxışı da belə qənaət formalaşdırır: "Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

"Bu, bir neçə ayın məsələsi deyil. Amma hər 2 ölkə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdır. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq", - Baş nazir əlavə edib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hökumət başçısı həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: "Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə edəcəyik. Beynəxalaq ictimaiyyətin bu legitimliyi tanıması və Azərbaycanla razılığın əldə edilməsi bizim strategiyamızdır". Baş nazir, həmçinin Türkiyə ilə diplomatik münasibətlərin bərpasından danışıb və söyləyib ki, bu proses uzanmamalıdır".

Kənan Novruzov deyir ki, bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığından sonra proseslərin sürətlənməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın belə bəyanatlar səsləndirməsi gözlənilən idi: "Məsələ ondan ibarətdir ki, əvvəllər də dediyimiz kimi, rəsmi İrəvanın işi heç də asan deyil. Xüsusilə Rusiyanın Ukrayna ilə apardığı müharibə Ermənistana yaxşı nəsə vəd etmir. Rusiya müharibədən qalib çıxsa, Ermənistana təzyiqlər artacaq, əks halda isə İrəvan regiondakı "çətirini" itirəcək. Ona görə də Paşinyan tələsir. Bilir ki, onun vaxtı savaş başa çatanadəkdir. Müharibə bitəndən sonra Ermənistanın imkanları xeyli azalacaq. Bunu Azərbaycanla Türkiyə də yaxşı anlayır.   Çox güman ki, yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının yaradılması istiqamətində növbəti müzakirələr olacaq. Həmçinin əməli addımların atılması mümkündür. Rəsmilərin təmaslarının intensivləşməsi istisna deyil. Əlaqələrin normallaşması, o cümlədən sülh müqaviləsinin bağlanması istiqamətində yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının türkiyəli və rusiyalı həmkarları ilə fikir mübadiləsi aparılması da gözləniləndir.

Bütün hallarda Rusiyanın Ukrayna ilə müharibə apardığı, həmçinin Kreml ilə Qərb arasında münasibətlərin gərginləşdiyi bir vaxtda region üçün optimal şərait yaranıb. Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində hansı addımlar atılmalıdırsa, indi atılmalıdır. Çünki sonra gec olacaq. Və bundan ən çox əziyyət çəkən də məhz İrəvan olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31