ÖLÜM UŞAQ SİMALI DEYİL... Əfsanə Kamal yazır

İnsan müharibədən böyükdür, uşaqlar isə hər ikisindən 

Ona görə ki, ölümdə, öldürməkdə, zülmdə payları yoxdur. Elə bir uşaq yoxdur ki, onun söz bazası yetsin, müharibəni izah etməyə. Acını isə yalnız gözlərdən duymaq mümkündür...
Müharibə böyüklər üçün cinayət, sərhəd pozuntusu, tapdanan insan haqlarıdırsa, azyaşlılar üçün cəhənnəmdir.  Bəs bütün toplumlar uşaqları gələcək kimi görürdü? Dünyanın gələcəyi  yox olur Afrikada acından, Orta Şərqdə terrordan, Qarabağda, indi isə Ukraynada müharibədən...
Coğrafiyanın fərqi yoxdur. Müharibə olan hər yerdə qana bulanan oyuncaqlar görmək mümkündür. Topla oynayan ayaqlarını, gəlincik oynadan əllərini, saflıqlarını, ən pisi də qəlblərindən mərhəməti söküb alır, müharibə...
Haqsız yerə qan tökən, sivilləri hədəf alan dövlətlərin zabitlərinin yaxasında medal yerinə qan ləkəsi görürəm mən. 
Biz gələcəyimizi xaosla, qanla, travmayla bəsləyirik... 

Ölümün rəngi yoxdur, uşaqların ağı, qarası, sarısı olmadığı kimi...
Əgər rəssam olsaydım, bu faciəni  kətana  köçürmək   üçün sadəcə qara rəngdən istifadə edərdim. Əgər bəstəkar olsaydım, bəstələdiyim əsər bütün dünyanı yasa boğardı. 

Tarix canlı bir insan olsaydı, öz yaddaşından silərdi bu iyrənc zülmü.
"Qədim insanlar deyirdi ki, əgər müharibə unudulmursa, çoxlu nifrət hissi yaradır. Əgər unudulursa, yenisi başlayır"- cümləsini oxumuşdum bir kitabdan. Yəni, insan üçün müharibənin əvvəli də sonu da faciədir. Bir neçə saat ərzində insanlar əsgərə, döyüşçüyə çevrilir. Kiminlə savaşdığımız bəllidirmi?
Xeyr.
Müharibədə qazanan da,  itirən də dünyadır. Dünyanı isə quran, dünya edən canlı qadındır. Məndən dünyanın ən bəxtsiz insanı kimdir deyə soruşsalar, "övladını itirən ana" cavabını verərəm, heç düşünmədən. Min bir əziyyətlə dünyaya gətirdiyin, boğulmasın deyə əlinlə yedizdirdiyin, yıxılmasın deyə hər tədbiri aldığın övlada kəfən geyindirmək...
Müharibənın qadın və ya uşağabənzər siması yoxdur. İkinci  Dünya müharibəsi iştirakçısı olan qadınların etiraflarına görə, cəbhədə saçları üçün ağlayan bir qadın görmək belə mümkün idi. Onlara insan öldürmək çox çətin idi. Etirafçı qadınlardan biri gündəliyində bunları qeyd edib, "gündüzlər hərbi formada olsaq da, gecələr bəzənmək istəyir adam". Müharibədə iştirak edən qadınlar üçün öldürmək, sivil qadınlar üçün isə yaşatmaq çətin olub hər zaman. Onların qucaqlarında məsum   övladları və ehtiyacları... 
Zirzəmidə doğulan körpələr, boğulan analar... Bombalanan xəstəxanada uşaq dünyaya gətirmək nə qədər acı bir tablo. Sonrasında sağ qalmaq isə sual altındadır. Əlimizdən gələnim daha çoxunu etməyə, daha çox çalışmağa məcburuq. İndi, keçmişdə və gələcəkdə yaşamış, yaşayacaq insanlar bizləri eşitsəydi, nə edərdim? 
Bütün insanların məni eşitdiyini bilsəydim,  müharibəyə lənət oxuyar, gözyaşı tökərdim. "Dayanın" deyərdim, "Dayan" deyərdim, axı, bu dünyadan sonra bir də cəhənnəm var. Axı, uşaqlar bayırda üst-başlarını toza bulamalıdırlar, qana yox...Sənin  də  balaların  var  axı...


Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31